"Azərbaycan qaz təchizatında dünya lideridir" - DEPUTAT

"2015-ci ildən başlayaraq ildə bir dəfə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir. Bu görüşlərin hamısına Bakı ev sahibliyi edib".

Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası hər dəfə bu nəhəng layihə ilə bağlı ötən il görülən işlərə yekun vuraraq cari və qarşıda duran məsələləri nəzərdən keçirir, əgər hər hansı problemlər varsa, onların həlli yollarını axtarır: "“Cənub Qaz Dəhlizi”nin nailiyyətlərində Məşvərət Şurasının da böyük rolu var. Hər il Prezident İlham Əliyevin Məşvərət Şurasının iclasında iştirak etməsi və çıxış etməsi bu tədbirin önəminə bir daha diqqət çəkir. Ümumiyyətlə, Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi işində davamlı olaraq liderlik edir.

Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında da çıxış edib. “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” yataqlarının bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edərək deyib.

Cənab Prezident qeyd edib ki: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.

Azərbaycan yalnız qaz ixracatçısı kimi deyil, həm də “yaşıl enerji” mənbələrinə sərmayə yatıran ölkə kimi mövqelərini möhkəmləndirir. Azərbaycanın böyük “yaşıl enerji” potensialı var. Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan MR “yaşıl enerji” zonaları elan edilib.

“Yaşıl enerji” layihələri bu regionlarla yanaşı, digər şəhər və bölgələrimizdə də həyata keçirilməkdədir. Bu sahədə son dövrlər bir sıra yeni müqavilələr imzalanıb. Tədbirdə bu barədə də geniş söhbət açılıb və müzakirələr aparılıb.

Göründüyü kimi, Azərbaycandan Avropaya uzanan qaz dəhlizi genişlənir və şaxələnir. İndi ölkəmiz Avropaya həm də “yaşıl enerji” dəhlizi açmağı hədəfləyib".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə