"Şəhərsalma siyasəti milli inkişafın strateji sütunudur" - ŞƏRH EDİLDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi təkcə mədəni-humanitar xarakter daşımır, bu qərar eyni zamanda dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir".

Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma siyasəti artıq yalnız tikinti və infrastruktur məsələsi deyil, milli təhlükəsizlik, sosial sabitlik, iqtisadi dayanıqlılıq və ideoloji identiklik məsələsidir: "Azərbaycanın çoxəsrlik şəhərsalma ənənələri – qədim Şərq memarlıq üslubu, orta əsr şəhər mədəniyyəti və müasir urbanizasiya təcrübəsi – bu gün yeni mərhələyə qədəm qoyur. Xüsusilə post-münaqişə dövründə azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri göstərir ki, şəhərsalma artıq dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, dayanıqlı enerji həlləri, yaşıl zonaların genişləndirilməsi və rəqəmsal infrastrukturun qurulması ölkənin gələcək urban inkişaf modelini formalaşdırır. Bu qərarın siyasi aspektinə gəldikdə, “Şəhərsalma və Memarlıq İli” milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm simvolik məna daşıyır. Memarlıq yalnız fiziki məkan deyil, həm də tarix, yaddaş və ideoloji mesajdır. Bərpa olunan şəhərlər, tikilən yeni yaşayış massivləri və ictimai məkanlar dövlətin gücünü, sabitliyini və gələcəyə inamını nümayiş etdirir. Bu, həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün ciddi mesajdır: Azərbaycan post-müharibə mərhələsini inkişaf və modernləşmə mərhələsinə çevirir.

Digər tərəfdən, bu təşəbbüs iqtisadi baxımdan da strateji xarakter daşıyır. Tikinti sektoru, memarlıq və urban planlaşdırma sahələri minlərlə iş yeri yaradır, yerli və xarici investisiyaların cəlb olunmasına şərait yaradır. İnfrastruktur layihələri regionların balanslı inkişafına xidmət edir və paytaxtla bölgələr arasında sosial-iqtisadi fərqlərin azaldılmasına töhfə verir.

Bütün bunlarla yanaşı, “Şəhərsalma və Memarlıq İli” həm də normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir standartların tətbiqi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından sistemli islahat mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Şəhər mühitinin planlı və strateji əsaslarla qurulması uzunmüddətli dövlətçilik konsepsiyasının tərkib hissəsidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın gələcək inkişaf modelinin ideoloji və institusional əsaslarının gücləndirilməsinə yönəlmiş kompleks dövlət siyasəti addımıdır. Bu qərar şəhərsalmanı milli inkişafın strateji sütunlarından biri kimi rəsmiləşdirir və onu dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevirir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə