“Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı artıq strateji ittifaq səviyyəsinə yüksəlib” - Səməd Seyidov
“Biz hesab edirik ki, ölkələrimiz arasındakı əməkdaşlıq artıq möhkəm və dayanıqlı təməllər üzərində qurulub. Tarix Azərbaycan, Gürcüstan və Türkiyəni elə bir şəkildə formalaşdırıb ki, bizi yalnız coğrafiya deyil, həm də ortaq taleyimiz, siyasi baxışlarımız, iqtisadi maraqlarımız və mədəni dəyərlərimiz birləşdirir”.
SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səməd Seyidov Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, üç ölkə arasında münasibətlər artıq sadə tərəfdaşlıq çərçivəsindən çıxaraq real strateji ittifaq səviyyəsinə yüksəlib: “Ortaq dil və mədəniyyət bağları, qarşılıqlı hörmət, regional sabitliyə birgə məsuliyyət bu əməkdaşlığın əsasını təşkil edir. Bu format davamlı və institusional xarakter daşıyır”.
Səməd Seyidov qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin əsas sütunlarıdır: “Həyata keçirilən enerji və nəqliyyat layihələri regionumuzu Şərqlə Qərb arasında mühüm körpüyə çevirib. Neft və qaz layihələri ilə yanaşı, yaşıl enerji dəhlizləri, rəqəmsallaşma, logistika və infrastruktur sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub”.
Deputat vurğulayıb ki, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq, birgə təlimlər və müdafiə sahəsində təcrübə mübadiləsi də strateji tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Onun sözlərinə görə, parlamentlərarası əməkdaşlıq bu münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir.
Çıxışında Türkiyənin xarici siyasətinə də toxunan deputat bildirib ki, qlobal geosiyasi gərginliklər fonunda Ankara balanslı və prinsipial diplomatik xətt yürüdür: “Azərbaycan cəmiyyəti Türkiyənin Vətən müharibəsi dövründə göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirir. Bu, strateji müttəfiqliyin real təzahürü idi”.
Səməd Seyidov əlavə edib ki, Ermənistanla münasibətlərin normallaşdırılması və regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində Türkiyənin mövqeyi mühüm əhəmiyyət daşıyır. O, həmçinin Türkiyənin Yaxın Şərqdə, xüsusilə Suriya istiqamətində oynadığı rolu qeyd edib və Azərbaycanın bu proseslərdə iştirakının regional əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB