"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey Di Venslə Bakıda keçirdiyi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ölkələr arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu göstərir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu səfər yalnız protokol xarakterli hadisə deyil, həm də altı ay ərzində aparılmış intensiv diplomatik və iqtisadi işlərin nəticəsi kimi qiymətləndirilməlidir: "Prezident İlham Əliyev Tramp-Vens administrasiyasının regiona verdiyi mühüm töhfələri xüsusi vurğulayıb və ABŞ ilə strateji tərəfdaşlığın Azərbaycanın regional və qlobal səviyyədə mövqeyini gücləndirdiyini qeyd edib.
Xartiya ikitərəfli münasibətlərin əsası kimi suverenlik, ərazi bütövlüyü və qarşılıqlı hörmət prinsiplərini təsdiqləyir. Sənəd təhlükəsizlik, enerji, iqtisadiyyat, tranzit, texnologiya və rəqəmsal infrastruktur sahələrini əhatə edir. Azərbaycan və ABŞ həm dövlət, həm də özəl sektor vasitəsilə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu əməkdaşlıq Trans-Xəzər Nəqliyyat Dəhlizi və TRIPP marşrutu kimi multimodal layihələr vasitəsilə regional və beynəlxalq ticarət imkanlarını artırmaq üçün strateji əhəmiyyət daşıyır.
TRIPP layihəsi Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisi vasitəsilə Asiya və Avropanı birləşdirəcək, həmçinin regional sülh və əməkdaşlığı gücləndirəcək. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq tranzit imkanlarını artıraraq Ermənistana neft məhsullarının tədarükünü təmin edir. Bu, iqtisadi əlaqələrin inkişafı və regional inteqrasiyanın təşviqi üçün vacib addımdır. Beləliklə, ABŞ-ın vasitəçiliyi ilə regionda iqtisadi və logistika əməkdaşlığına şərait yaradılır.
Xartiyada həmçinin süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq məsələləri əhatə olunub. Amerika şirkətləri ilə birgə AI mərkəzlərinin yaradılması, texnologiyaların kommersiyalaşdırılması və rəqəmsal inkişaf layihələri Azərbaycanın innovasiya və iqtisadi artım perspektivlərini genişləndirir. Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan NATO və ABŞ müttəfiqi olan ölkələrin enerji təchizatında etibarlı tərəfdaş kimi çıxış edir.
Təhlükəsizlik əməkdaşlığı isə Cənubi Qafqazda sülh və stabilliyin təminatı üçün mühüm rol oynayır. Müdafiə məhsulları, antiterror əməliyyatları, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahələrində əməkdaşlıq regionun təhlükəsizliyinə töhfə verir. İşçi qruplarının yaradılması Xartiyanın icrasını planlı və davamlı edəcək, hər iki tərəfin qarşılıqlı öhdəliklərini effektiv şəkildə reallaşdırmağa imkan yaradacaq.
Qedy olunanları nəzərə alaraq deyə bilərik ki, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərində qarşılıqlı faydalı, uzunmüddətli əməkdaşlığın əsasını qoyur. Bu sənəd yalnız diplomatik və iqtisadi əməkdaşlığı deyil, həm də regional sülh, enerji təhlükəsizliyi, ticarət və texnoloji inkişafı dəstəkləyir. Xartiyanın icrası Azərbaycanın strateji mövqeyini gücləndirir, regional inteqrasiya və beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar yaradır. Şübhə yoxdur ki, bu mərhələ Azərbaycan-ABŞ münasibətlərinin yeni tarixində əlamətdar hadisə kimi qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB