“2026-cı ilin “Şəhərsalma ili” elan edilməsi yeni inkişaf mərhələsinin göstəricisidir” - DEPUTAT DANIŞDI

“2026-cı ilin ölkəmizdə “Şəhərsalma ili” elan edilməsi Azərbaycanın artıq yeni inkişaf mərhələsinə keçdiyini və şəhər məkanına münasibətin insanın yaşayış keyfiyyətinin bütöv şəkildə yaxşılaşdırılması prizmasından qiymətləndirildiyini göstərir”.

Bu sözləri SİA-ya açıqlamasında milli məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

Onun sözlərinə görə, şəhərsalma dövlət siyasətinin strateji istiqamətlərindəndir və bu istiqamətdə atılan hər addım ölkənin gələcək onilliklərinin planlaşdırılması deməkdir:

“Bu təşəbbüsün arxasında bir neçə mühüm strateji məqsəd dayanır. İlk növbədə, regionların balanslı inkişafı və müasir urbanizasiya modelinin formalaşdırılması əsas prioritetdir. Bölgələrdə rahat və müasir yaşayış mühitinin yaradılması, nəqliyyat və kommunikasiya şəbəkələrinin vahid sistem kimi işləməsi zəruri məqamlardandır. Eyni zamanda azad edilmiş ərazilərdə qurulan yeni şəhərlər və kəndlər ölkə üzrə şəhərsalma standartlarının yenilənməsinə təkan verir.

May ayında keçiriləcək möhtəşəm tədbirin də məhz bu baxımdan simvolik və praktik əhəmiyyəti böyükdür. Bu platforma yeni urbanistik yanaşmaların, ağıllı şəhər modellərinin, ekoloji həssas planlaşdırma prinsiplərinin və müasir infrastruktur həllərinin müzakirəsi və tətbiqi istiqamətində real qərarların verilməsi gözlənilir. Xüsusilə nəqliyyatın optimallaşdırılması, yaşıl zonaların genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, su və tullantı idarəçiliyinin müasir standartlara uyğunlaşdırılması kimi məsələlər konkret layihələr səviyyəsində müzakirə olunacağı gündəmdədir.

Möhtərəm Cənab Prezident İlham Əliyevin müasir infrastruktur layihələri çərçivəsində aidiyyəti dövlət qurumları qarşısında qoyduğu tələblər olduqca geniş və əhatəlidir. Ən müasir elmi nailiyyətlərə əsaslanan mexanizmlər qurulan infrastruktur layihələrinə tətbiq edilməlidir. "Ağıllı şəhər, Ağıllı kənd" kimi müasir infrastruktur layihələri bunun bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, şəhərlərin dayanıqlı inkişafı sosial siyasətin tərkib hissəsidir. İnsanların rahat hərəkət edə bildiyi küçələr, təhlükəsiz ictimai məkanlar, ekoloji baxımdan sağlam mühit, uşaqlar və yaşlılar üçün əlçatan infrastruktur, bütün bunlar vətəndaşın gündəlik həyatına birbaşa təsir edən amillərdir. Bu baxımdan, “Şəhərsalma ili” çərçivəsində görüləcək işlərin vətəndaşın öz şəhərində daha rahat, təhlükəsiz və keyfiyyətli yaşayış hiss etməsinə töhfə verəcəkdir.

Sözügedən proses həm də dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsidir. Qarşıdakı dövrdə atılacaq addımların nəticəsini daha rahat həyat, daha sağlam mühit və daha güclü sosial bağlar şəklində görəcəyik. Azərbaycanda şəhərsalma siyasəti məhz bu istiqamətdə formalaşır və 2026-cı il bu prosesin daha sistemli və sürətli mərhələyə keçməsinin başlanğıcı kimi yadda qalacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə