"Azərbaycan ticarət və turizm sahələrində yeni imkanlar əldə edə bilər" - ŞƏRH EDİLDİ
"Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər sadəcə rəsmi protokollar və görüşlərdən ibarət deyil, həm də siyasi etimadın möhkəmlənməsi, iqtisadi və investisiya istiqamətlərində yeni imkanların açılması anlamına gəlir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, səfər Azərbaycanın xarici siyasət prioritetlərini şərtləndirən regional və enerji balansı baxımından önəmli addımdır: "BƏƏ həm regionda maliyyə gücü, həm də enerji sektoru üzrə texnoloji imkanları ilə tanınır. Səfər çərçivəsində iki ölkə arasında enerji layihələrinin genişləndirilməsi, həmçinin bərpa olunan enerji və neft-qaz sektorunda birgə əməkdaşlıq imkanları müzakirə olunub ki, bu da Azərbaycanın enerji ixrac potensialını yalnız Avropa istiqamətində deyil, həm də Yaxın Şərq bazarlarına çıxarılması baxımından strateji əhəmiyyət kəsb edir. İkincisi, investisiya sahəsində səfərin əhəmiyyəti böyükdür. BƏƏ-nin maliyyə imkanları Azərbaycanın infrastruktur, texnologiya və startap ekosisteminin inkişafı üçün yeni kapital axınlarını təmin edə bilər. Səfər zamanı maliyyə institutları və investisiya fondları ilə birbaşa dialoq aparılması, potensial investorların Azərbaycana cəlb olunması ölkənin regional iqtisadi mövqeyini gücləndirir. Bu, həm də Azərbaycan üçün uzunmüddətli strateji planlama baxımından önəmlidir - enerji gəlirlərinin diversifikasiyası, sənaye və texnologiya sahələrində yeni əməkdaşlıq kanallarının açılması.
Digər tərəfdən, səfər Azərbaycanın BƏƏ ilə regional əməkdaşlıq imkanlarını genişləndirir. Yaxın Şərqdə iqtisadi və siyasi əlaqələr artdıqca, Azərbaycan logistika, ticarət və turizm sahələrində də yeni imkanlar əldə edə bilər. BƏƏ ilə formalaşan strateji tərəfdaşlıq Azərbaycanın regional iqtisadi xəritədə mövqeyini yüksəldir, həmçinin digər Körfəz ölkələri ilə əməkdaşlıq üçün nümunəvi model rolunu oynayır.
Ən nəhayət səfər diplomatik və siyasi aspekt baxımından da əhəmiyyətlidir. Bu cür səfərlər iki ölkə arasında etimad və dialoq mühitini möhkəmləndirir, həmçinin Azərbaycanın beynəlxalq platformalarda daha aktiv və təsirli iştirakına şərait yaradır. Bu, xüsusilə enerji diplomatiyası, regional təhlükəsizlik və investisiya təşviqi baxımından strateji üstünlük təmin edir. Odur ki, Prezidentin BƏƏ səfəri Azərbaycan–BƏƏ münasibətlərində yeni strateji əməkdaşlıq istiqamətlərinin formalaşması üçün güclü zəmin yaratdı deyə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB