"Milli kimlik beynəlxalq platformada təqdim olunur" - ŞƏRH

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Cenevrə ofisindəki "Azərbaycan otağı" ilə tanışlığı sadə bir diplomatik ziyarət deyil, Azərbaycanın qlobal humanitar və mədəniyyət siyasətinin davamlılığının mühüm göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu otaq beynəlxalq münasibətlər sisteminin mərkəzlərindən birində milli kimliyimizin, incəsənətimizin və estetik dəyərlərimizin vizit kartı rolunu oynayır: "Azərbaycan və BMT arasındakı əlaqələr son illərdə yalnız siyasi müstəvidə deyil, həm də "yumşaq güc" (soft power) strategiyası üzərində yüksələn xəttlə inkişaf edir. Bakının COP29 kimi qlobal miqyaslı tədbirlərə ev sahibliyi etməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) sadiqliyi və humanitar layihələrdə fəal iştirakı ölkəmizi beynəlxalq arenada məsuliyyətli və strateji tərəfdaş kimi mövqeləndirib.

Cenevrədəki bu "mədəniyyət guşəsi" Azərbaycanın sülhə, multikulturalizmə və dialoqa verdiyi önəmi simvolizə etməklə yanaşı, ölkəmizin BMT platformasındakı səsini daha vizual və təsirli edir.

Belə bir mədəni-diplomatik varlıq rəsmi Bakının beynəlxalq təşkilatlarla münasibətlərində sadəcə qərarların icraçısı olmadığını, həm də ortaq dəyərlərin formalaşdırılmasında aktiv pay sahibi olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına xidmət edən estetik diplomatiya nümunəsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə