"Azərbaycan diqqətlə izlənilən və mövqeyi nəzərə alınan ölkə kimi çıxış edir" - ŞƏRH EDİLDİ
"Davos İqtisadi Forumu əsasən iqtisadi yönümlü beynəlxalq platforma kimi tanınsa da, artıq uzun illərdir ki, burada qlobal miqyasda bütün aktual məsələlər – siyasi proseslər, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, texnoloji transformasiya, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq mövzuları geniş şəkildə müzakirə olunur". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu baxımdan Forum dünya liderləri, beynəlxalq təşkilatlar və nüfuzlu şirkətlər üçün strateji fikir mübadiləsi aparılan mühüm bir məkana çevrilib:
"Son illər Azərbaycan Davos İqtisadi Forumunda diqqət mərkəzində olan və çıxışları maraqla gözlənilən ölkələrdən biri kimi fərqlənir. Ölkəmizin dövlət başçısı tərəfindən səsləndirilən fikirlər, irəli sürülən təşəbbüslər və təqdim olunan baxışlar qlobal gündəliyin formalaşmasına real təsir göstərir. Bu maraq təsadüfi deyil və Azərbaycanın ardıcıl, praqmatik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Məhz bu siyasət nəticəsində Cənubi Qafqaz regionu dünyanın geosiyasi və geoiqtisadi baxımdan “döyünən nəbzlərindən” birinə çevrilib. Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və inkişafın əsas təşəbbüskarı kimi çıxış edir, mühüm nəqliyyat və enerji layihələri vasitəsilə qitələri birləşdirən strateji körpü rolunu oynayır.
Bu gün Azərbaycanın mövqeyi xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycanın etibarlı tərəfdaş kimi çıxış etməsi, enerji resurslarının şaxələndirilməsinə verdiyi töhfə və uzunmüddətli strategiyası Avropa ölkələri üçün alternativ və dayanıqlı həll yolları yaradır. Məhz buna görə də Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda enerji təhlükəsizliyi sahəsində məsuliyyətli və etibarlı aktor kimi qəbul olunur.
Bütün bunların fonunda dünya ictimaiyyətinin Azərbaycanın təcrübəsinə, idarəetmə modelinə və beynəlxalq proseslərə yanaşmasına marağı getdikcə artır. Azərbaycan bu gün təkcə regional deyil, qlobal səviyyədə də söz sahibi olan, təşəbbüsləri diqqətlə izlənilən və mövqeyi nəzərə alınan ölkə kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB