“20 Yanvar faciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir”

“Azərbaycan xalqının yaddaşında 20 Yanvar yalnız bir faciə günü deyil. Bu tarix həm də milli ləyaqətin, azadlıq iradəsinin və imperiya zorakılığına qarşı mənəvi qələbənin simvoludur. 1990-cı ilin yanvarında baş verən qanlı hadisələr XX əsrin sonlarında Sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixə düşüb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, 20 Yanvar faciəsi təsadüfi hadisə deyildi:

“Bu qanlı qırğın 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdləri və milli azadlıq hərəkatının yüksəlişi fonunda formalaşmışdı. Sovet rəhbərliyi gərginliyi aradan qaldırmaq əvəzinə, Azərbaycan xalqına qarşı güc tətbiq etməyi seçdi.

Bakıda və respublikanın digər bölgələrində dinc əhalinin iradəsini sındırmaq məqsədilə həyata keçirilən hərbi əməliyyat insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət idi. 66 mindən artıq silahlı hərbçinin Bakıya yeridilməsi, fövqəladə vəziyyətin elan olunmasından əvvəl şəhərə qoşunların daxil olması bu niyyətin açıq sübutudur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakını faktiki olaraq işğal etdi. Qadın, uşaq, qoca demədən silahsız insanlar tankların, zirehli maşınların, avtomat silahların atəşi altına alındı. Fövqəladə vəziyyət elan olunmadan əvvəl artıq onlarla insan qətlə yetirildi. Əməliyyata rəhbərlik edən SSRİ hərbi-siyasi rəhbərliyi xalqı məlumatlandırmadan, hüquqi normaları kobud şəkildə pozaraq, Bakıda misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Nəticədə 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə ailənin taleyi sarsıldı. Bu, sovet rejiminin öz vətəndaşına qarşı törətdiyi açıq hərbi cinayət idi.

Qanlı Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və hüquqi dayaqlarını tamamilə sarsıtdı. Xalqın Sovet rejiminə, Komunist Pattrtiyasına inamı birdəfəlik məhv oldu, insanlar kütləvi şəkildə partiya sıralarını tərk etdilər. Azərbaycan cəmiyyəti anladı ki, bu sistem azadlıq, ədalət və insan hüquqları ilə uzlaşmır.

Eyni zamanda, hadisələr bəzi siyasi dairələrin əsl niyyətlərini də üzə çıxartdı. 20 Yanvara siyasi qiymət verilməsi tələbi ilə çıxış edən qüvvələrin sonradan bu məsuliyyətdən yayınması xalq tərəfindən unudulmadı.

Faciədən bir gün sonra, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskvada verdiyi bəyanat Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O, bütün təzyiqlərə baxmayaraq, Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, 20 Yanvarı hüquqa, demokratiyaya və humanizmə zidd cinayət adlandırdı. Bu mövqe xalqın səsini dünyaya çatdırdı və milli ümidləri diri saxladı.
Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda, 1994-cü ildə isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Bu qərarlarla Qanlı Yanvar totalitar rejimin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz kimi tanındı.

20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin ardıcıl siyasətinin tərkib hissəsidir. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi məşəl” memorial kompleksi, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələri və əlillər üçün geniş sosial təminat mexanizmləri bunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar nəticəsində 20 Yanvar şəhidlərinin ailələrinə və hadisələr zamanı əlillik alan şəxslərə göstərilən dövlət qayğısı davamlı şəkildə artırılıb. Bu yanaşma şəhidlərin xatirəsinə real ehtiramın ifadəsidir.

20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. O gün tökülən qan azadlıq yolunda ilk böyük qurban oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı dönməz xarakter aldı və müstəqil Azərbaycan ideyası ümumxalq amalına çevrildi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası göstərir ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb. Onların ruhu azad və bütöv Azərbaycanın səmasında dalğalanan üçrəngli bayrağımızda yaşayır.

20 Yanvar faciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu gün biz həmin hadisələrə yalnız hüznlə deyil, həm də qürurla baxırıq. Çünki 20 Yanvar Azərbaycan xalqının sınmadığını, azadlıq naminə hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya sübut etdi. Şəhidlərimizin xatirəsi əbədidir, onların yolu isə müstəqil, güclü və suveren Azərbaycanla davam edir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə