"Terror qlobal təhlükəyə çevrilib" - MÖVQE

"Təəssüf ki, terror artıq qlobal bir problemə çevrilmişdir. Biz unutmamalıyıq ki, bu gün terrorun genişlənməsinin əsas səbəblərindən biri dünyada sabitliyin pozulmasıdır. Məsələn, Yaxın Şərqə nəzər yetirsək, 2003-cü ildə İraqa müdaxilədən sonra terror hadisələrinin artdığını müşahidə edirik". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, bu, göstərir ki, terror hər zaman boşluğun və xaosun hökm sürdüyü yerlərdə inkişaf edir: "Ərəb baharı və Suriya vətəndaş müharibəsi də terrorun genişlənməsinə səbəb oldu. Nəticədə, bir çox qanlı terror təşkilatları meydana gəldi və fəaliyyətlərini davam etdirdilər.

Lakin qeyd etmək lazımdır ki, terrorla mübarizə sahəsində müəyyən addımlar da atılıb. İraq hökuməti və Suriyada yeni formalaşan hakimiyyətlər terrora qarşı mübarizə aparmağa çalışır. Qardaş Türkiyə isə uzun illərdir PKK terror təşkilatına qarşı həm ölkə daxilində, həm də regionda uğurlu əməliyyatlar həyata keçirərək təşkilatın gücünü zəiflədib. Azərbaycan da Qarabağ müharibəsi dövründə işğalçılarla əməkdaşlıq edən terror təşkilatlarının fəaliyyətinə qarşı uğurla mübarizə aparıb. Qarabağ zəfəri ilə bu fəaliyyətlərə faktiki olaraq son qoyulub.

Əsas mesaj budur ki, sabitlik olmadan terrorla effektiv mübarizə aparmaq mümkün deyil. Digər tərəfdən, Latın Amerikasında narkoterror və narkomafiya problemi getdikcə güclənir. Bu regionda beynəlxalq dəstək artırılmalı və həm narkomafiya, həm də terror təşkilatları ilə mübarizəyə ciddi yanaşılmalıdır.

Yekunda demək lazımdır ki, terrorun vətəni olmur. Bu, elə bir bəladır ki, harada meydana gəlsə, bütün dünya üçün təhlükə yaradır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə