Baş katib: Biz hazırda “TÜRKPA+” formatı üzərində işləyirik

Bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatının Qəbələ Sammitində dövlət başları çox tarixi bir addım ataraq Türk dövlətləri arasında əməkdaşlıq perspektivlərini inkişaf etdirmək məqsədilə “TDT+” formatının həyata keçilməsi ilə bağlı siyasi qərar qəbul etdilər. Təbii ki, bunun məntiqi davamı olaraq biz hazırda “TÜRKPA+” formatı üzərində işləyirik. Bu, müzakirə olunan ən vacib məsələlərdən biridir. TÜRKPA-nın Baş katibi qismində parlament sədrləri və üzv ölkələrin xarici işlər nazirləri ilə görüşlərdə gündəmə gətirdiyim bu məsələyə yalnız müsbət münasibət göstərilməyib, eyni zamanda, hərtərəfli dəstək ifadə edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri TÜRKPA-nın Baş katibi, səfir Ramil Həsən deyib.

Baş katib, həmçinin vurğulayıb: “Xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu modelin TÜRKPA-nın parlament diplomatiyası və imkanlarından istifadə etməklə əlaqələri daha da genişləndirəcəyini bildirib. Məsələn, “TÜRKPA+ Avropa İttifaqı”, “TÜRKPA+ATƏT PA”. O, “TÜRKPA+” formatının digər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına yeni töhfələr verəcəyini, yeni imkanlar yaradacağını və buna görə də belə bir əməkdaşlıq modelini tam şəkildə dəstəklədiklərini xüsusilə vurğulayıb. Bu baxımdan biz artıq həmin istiqamətdə müəyyən addımlar atırıq, xüsusilə Avropa Parlamenti, ATƏT Parlament Assambleyası, Avropa və Asiyada mövcud olan bir çox beynəlxalq qurumlarla əməkdaşlıq imkanlarını dəyərləndiririk. Eyni zamanda, bu əməkdaşlıq modelindən yalnız təşkilatlar deyil, ölkələr də yararlana bilər”.

R.Həsən diqqətə çatdırıb ki, təbii, gələcəkdə Türk Dövlətləri Parlament Assambleyasının və Assambleya Şurasının qəbul edəcəyi siyasi qərarlara uyğun olaraq, Türk Dövlətləri Təşkilatının sıx əməkdaşlıq etdiyi ölkələrlə, məsələn, Cənubi Koreya və Monqolustan ilə TÜRKPA çərçivəsində parlament əməkdaşlığı yaratmaq imkanı yarana bilər. Ona görə də bu model, əslində, çox perspektivlidir və mən əminəm ki, bu istiqamətdə atılan addımların konkret nəticələrini yaxın gələcəkdə, o cümlədən 2026-cı ildə görə biləcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə