Xocavəndin Hadrut qəsəbəsinə 17 ailə yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsinə 17 ailə olmaqla 63 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə