“Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB/FOTOLAR
Noyabrın 12-də “Gülüstan” sarayında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, konfransdan öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra iştirakçılar Zəfər parkında olub, buradakı abidə önünə gül dəstələri qoyublar.
Konfransın açılışında Konstitusiyanın 30 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.
Daha sonra F.Abdullayev açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarının adından dövlətimizin başçısı İlham Əliyevə dərin məzmunlu müraciətinə görə minnətdarlığını bildirib. Sədr xarici ölkələrdən Bakıya gələn qonaqları, eləcə də dövlət orqanlarının, ictimai təşkilatların rəsmilərini salamlayaraq tədbir iştirakçılarını 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, xüsusilə dövlətimizin Əsas Qanununun 30 illik yubileyi münasibətilə təbrik edib.
F.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müstəqil dövlətçiliyimizin əsas sütunu olan Konstitusiyamızın ali dəyərini bir daha vurğulayır.
Diqqətə çatdırılıb ki, dövlətin qanunvericilik sisteminin bünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatçısı kimi çıxış edir.
F.Abdullayev qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri ölkənin Əsas Qanununun qəbulu ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın 12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunub. Bu tarixi hadisə ilə respublikamızın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm mərhələsi başlayıb.
Vurğulanıb ki, geridə qalan üç onillik ərzində Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti sistemini müəyyənləşdirən, siyasi strategiyaları və normativ əsasları tənzimləyən, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təsbit edən əsas hüquqi sənədə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş prinsiplər keçmişlə gələcəyin harmonik ifadəsidir.
“Yubileyini qeyd etdiyimiz Konstitusiya hər birimizin sərvətidir. Zaman ötür, nəsillər dəyişir, Konstitusiya isə alidir, dayanıqlıdır. Zamanla Əsas Qanunda müəyyən dəyişikliklər edilir, amma Konstitusiya ilə təsbit edilmiş əsas dəyərlər, prinsiplər, Konstitusiyanın fəlsəfəsi dəyişmir. Bizim vəzifəmiz bu dəyərlərdən ruhlanaraq qanunvericiliyi yeni çağırışlara cavab verə biləcək şəkildə inkişaf etdirməkdir” - deyə F.Abdullayev vurğulayıb.
Məlumat verilib ki, 1995-ci il Konstitusiyası müstəqilliyimizin hüquqi əsasını qoymuşdursa, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi bütün ərazimizdə bərqərar edilub. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib, beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təmin edilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyük Qələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyət çağırışıdır. Qarşımızda duran vəzifə - Əsas Qanunun dəyərlərini qorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.
Sədr F.Abdullayev qeyd edib ki, bu il “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bu medal dövlətimizin konstitusiya dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda qazandığı nailiyyətlərin rəmzi ifadəsidir.
“Konstitusiya Məhkəməsi də bu istiqamətdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcək, qanunvericiliyin müasir sosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi mənasına və ruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcək. Əminəm ki, tədbir zamanı bizi olduqca maraqlı, faydalı çıxış və müzakirələr gözləyir”,-deyə Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik dövlət kimi formalaşması və inkişafı görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlı olduğunu deyən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib: "Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin qurulmasıdır.
Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür. Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyük fəsli məhz insan hüquq və azadlıqlarına həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, habelə həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarlar müstəqil dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoydu. Konstitusion dəyişikliklər və normativ hüquqi bazanın təkmilləşdirilməsi qanunun aliliyinin təmin olunmasına, demokratik idarəetmə və hüquqi dövlət prinsiplərinin inkişafına əlverişli şərait yaratdı.
Xüsusən də, insan hüquqları sahəsində davam etdirilən islahatlar bu sahəyə verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi nümayiş etdirməklə yanaşı, beynəlxalq tərəfdaşlıq üçün etibarlı və dayanıqlı mühit formalaşdırdı. Təsadüfi deyildir ki, ölkəmiz son illər insan hüquqları sahəsində irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir.
Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən həmin hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata keçirilməsində xüsusi rolu olan Ombudsmanın mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması ilə bağlı qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edildi, yeni fəaliyyət istiqamətləri müəyyən olundu”.
Asiya Ombudsman Assosiasiyasının sədri, Pakistan Federal Ombudsmanı Ejaz Ahmad Qureşi Pakistanın Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladıb: “1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Bu gün Azərbaycan və Pakistan arasındakı əlaqələr qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərdiyi humanitar dəstək, diqqət və qayğı xüsusi qeyd olunmalıdır”.
Pakistan Federal Ombudsmanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ölkənin suverenliyini, bərabərliyini və hüquqi dövlət prinsiplərini özündə ehtiva edir. Bu ali sənəd insan hüquq və azadlıqlarını təmin edir, qanunun aliliyini əsas tutaraq cəmiyyətin demokratik inkişafına istiqamət verir.
“İnsan hüquqlarının müdafiəsi baxımından insan hüquqları müvəkkili (ombudsman) institutlarının yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu institutlar vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır”.
Ejaz Ahmad Qureşi çıxışının sonunda Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü və Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Avropa Hüquq İnstitutunun sədri Teresa Rodriguez de las Heras Ballell gələcək üçün öz hüquqi bazanın hazırlanması zamanı hibrid cəmiyyətlərin gələcəyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insan-süni intellekt-hibrid cəmiyyətləri hazırlanmalıdır: "Biz öz hüquqi bazamızı bu çağırışlara necə hazır edə bilərik? Burada cəmiyyətlərin və iqtisadiyyatların hibridləşməsi prosesindən söhbət gedir.
Konstitusiya təbəqəsində həm dövlət qulluqçuları həm də özəl sektor tərəfindən süni intellektin daha geniş istifadəsinə yol açmalıyıq. Birincisi, biz tamamilə insan hüquqları, vətəndaş azadlıqlarının təmin edilməsini davam etdirməliyik. Lakin süni intellekt bunlara əməl etsə də bu, bəs eləmir. Ola bilər ki, müəyyən qadağa və məhdudiyyətlər olsun və həm dövlət həm də özəl sektor tərəfindən süni intellektin istifadəsində tətbiq edilsin. Onlar süni intellektdən istifadə etdikdə müəyyən qadağa və məhdudlaşmalara yol açmalıdırlar. Bunu biz Avropa İttifaqında süni intellekt haqqında Aktın qəbul olunması zamanı etdik. Süni intellektlə bağlı qanuna yenidən baxmalı, hansı model hüquqları yaratmalı olduğumuz haqda fikirləşməliyik. Süni intellekt yeni risklər yaradır. Ona görə də bu sahəyə öhdəliklər ilə bağlı olan qaydaların da tətbiqi vacibdir. Birlikdə işləməli, yeni çağırışları nəzərə alaraq qanunvericilik bazasının yenilənməsi haqqında düşünməli və gələcəyin hibrid cəmiyyətlərinə hazır olmalıyıq. Gələcək cəmiyyətlərdə həm süni intellekt, həm də insanlar birlikdə yaşayacaqlar. Ona görə də elə etməliyik ki, hibrid cəmiyyətlər demokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslansın. Əminəm ki, birlikdə buna nail olacağıq".
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə öz çıxşında Konstitusiyanın hüquqi dövlətdə və müasir cəmiyyətdəki mühüm rolunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası olduqca çətin və məsuliyyətli bir dövrdə qəbul edilib. Həmin illərdə dövlətimiz öz müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparırdı.
Bütün bunlara baxmayaraq Konstitusiyamız milli dəyərləri, prinsipləri və dövlətçiliyin əsas standartlarını özündə ehtiva edir. Bu ali sənəd həmçinin, ümumbəşəri dəyərlərə sadiqliyi ifadə edir və dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyini əks etdirir.
Faktiki olaraq, Qarabağ torpaqları işğal altında olarkən, Konstitusiyanın bəzi müddəalarının tam şəkildə həyata keçirilməsi müəyyən məhdudiyyətlərlə üzləşmişdi. Lakin Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bu müddəalar tam bərpa olunub. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda ucaldılıb, dövlət sərhədlərimiz bərpa edilib. Bu, Konstitusiyanın müddəalarının real şəkildə həyata keçirilməsi və ona yeni nəfəs verilməsi deməkdir”,-deyə G.Kərimov bildirib.
O əlavə edib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş həmvətənlərimiz artıq öz torpaqlarına qayıdırlar. “Bu, həm Azərbaycan xalqının ləyaqətinin qorunması, həm də Konstitusiyanın əsas prinsiplərinin gerçək həyatda təsdiqi deməkdir. Məhz Şanlı Zəfər nəticəsində Konstitusiyamızın bütün müddəaları tam şəkildə bərpa olunub”.
Tədbir Türkiyənin ədliyyə nazirinin müşaviri Muharrem Kılıçın moderatorluğu ilə “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusunda panel iclası ilə davam edib.
İclasda Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia, Ankara Universitetinin professoru Cavid Abdullazadə, Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu, Özbəkistanın Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Feruza Eşmatova, Qazaxıstanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Artur Lastayev çıxış ediblər.
Daha sonra tədbir müzakirələrlə davam edib.
Prezident Administrasiyasının Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçən “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” mövzusunda ikinci panel iclasda Qırğızıstan Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) sədri, Moldovanın Uşaq Hüquqları üzrə Xalq Vəkili Vasile Koroy, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Bəhreyn Krallığının Müstəqil Ombudsmanı Ghada Hameed Habib, Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani məruzə ilə çıxış ediblər.
İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının Baş Katibi, Pakistan Vergi Ombudsmanının hüquq müşaviri Almas Ali Jovindahın moderatorluğu ilə keçən “Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi” mövzusunda üçüncü panel iclasda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Türkiyə Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının üzvü Vedat Ali Tektaş, Qırğızıstanın Ombudsmanı Jamilia Jamanbaeva, Taylandın Konstitusiya Məhkəməsinin hakimi Noppadon Teppitak, Milli Məclis Aparatının rəhbəri, HEQT Mərkəzinin Müşahidə Şurasının üzvü Fərid Hacıyev məruzələrlə çıxış ediblər.
Çıxışçılar, o cümlədən qonaqlar tədbir iştirakçılarına Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu yubileyi münasibətilə təbriklərini çatdırıblar.
Konfransın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitqi ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB