Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanları üçün təlimlərə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında icra hakimiyyəti orqanlarının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər şöbələrinin rəhbərləri üçün nəzərdə tutulmuş təlim proqramının açılışı olub. Təlim Prezident İlham Əliyevin “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” 2014-cü il 11 dekabr tarixli Fərmanı və həmin sənədə edilmiş dəyişikliklərlə bağlı 2025-ci il 15 may tarixli Fərmana əsasən təşkil edilib. Dövlət İdarəçilik Akademiyasından SİA-ya bildirilib ki, təlim proqramı “Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi” mövzusuna həsr edilib.
Təlimin ilk günündə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov çıxış edərək dövlət idarəçiliyində nəticəyönümlü fəaliyyətin təşviq olunmasının, strateji planlaşdırma və idarəetmə indikatorlarının tətbiqinin əhəmiyyətini vurğulayıb. Akademik Urxan Ələkbərov, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən idarəçilik islahatları, şəffaflıq və səmərəliliyə əsaslanan yeni idarəetmə modelinin mahiyyəti barədə geniş məlumat verib.
Dörd moduldan ibarət olan bu təlim proqramı iqtisadi, humanitar, sosial və korporativ idarəetmə sahələrini əhatə edir. Təlimin keçirilməsində əsas məqsəd yerli icra hakimiyyəti orqanlarında rəhbər vəzifə tutan kadrların müasir dövlət idarəçiliyi sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən inkişaf göstəricilərinin formalaşdırılması və onların effektiv ölçülməsi sahəsində praktiki vərdişlərin aşılanmasıdır.
Ümumilikdə həftədə iki dəfə olmaqla 48 saatlıq təlim proqramının dekabrın 11-dək hibrid formada keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə