"Antiterror əməliyyatı terroru tamamilə bitirdi" - ŞƏRH EDİLDİ

"2023-cü ildə keçirilən antiterror əməliyyatları sadəcə terrorun kökünü qazmaqla və onu bitirməklə kifayətlənmədi". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

O bildirib ki, bu əməliyyatlar eyni zamanda Qarabağ üzərində oynanılan oyunlara, planlara son qoydu: "Burada söhbət təkcə Ermənistandan getmir, həmçinin Rusiya və İran kimi dövlətlərin hələ də əllərində saxlamaq istədikləri və Azərbaycana qarşı istifadə etməyə çalışdıqları “Qarabağ kartı” da əllərindən alındı. Yəni, bu antiterror tədbirləri lokal xarakterli hərbi əməliyyatlar idi və əsas məqsədi terroru tamamilə bitirmək idi və bu məqsədə də çatıldı. Amma bununla yanaşı, Azərbaycan strateji mənada da ciddi uğur qazandı. 2020-ci ildə əldə olunmuş Zəfər, 2023-cü il antiterror əməliyyatları ilə nöqtələndi. Azərbaycan artıq Cənubi Qafqazın strateji reallığını dəyişdi. 2020-ci ildə formalaşmış yeni status-kvonu daha da möhkəmləndirdi və bütün dünyaya göstərdi ki, əgər Cənubi Qafqaz haqqında danışırıqsa onun strateji əhəmiyyəti, beynəlxalq layihələri və siyasi durumu ilə bağlı o zaman Azərbaycansız bu müzakirə mümkün deyil. Bu fikri ona görə müdafiə edirəm ki, Qarabağ işğalda olduğu dövrdə Azərbaycanın xarici siyasətinə kənardan çoxsaylı müdaxilələr olurdu. Azərbaycan da məcbur qalırdı ki, Qarabağ mövzusunda göstərilən təzyiqlərlə hesablaşsın. Amma bu gün artıq “Qarabağ kartı” (nə Rusiyanın əlində, nə İranın, nə də Fransanın) yoxdur. Azərbaycan tam suverenliyini bərpa edib və beynəlxalq siyasətə daha sərbəst və problemsiz şəkildə yanaşa bilir.

Məhz buna görə də görürük ki, 2020-ci ildən sonra Azərbaycanın bütün siyasi addımları onun strateji maraqlarının daha ciddi şəkildə qorunmasına və beynəlxalq səviyyədə dəstəklənməsinə yönəlib. İstər Türk Dövlətləri Təşkilatındakı fəaliyyəti, istər Qoşulmama Hərəkatındakı mövqeyi, istərsə də digər beynəlxalq platformalardakı iştirakı və ikitərəfli münasibətləri – bütün bu fəaliyyətlər göstərir ki, Azərbaycan artıq daha geniş spektrdə, daha sərbəst şəkildə hərəkət edə bilir.

Ona görə də 2023-cü ildə keçirilən antiterror əməliyyatı sadəcə lokal terror təhlükəsini aradan qaldırmaq məqsədi daşımırdı. Bu, həm də Azərbaycanın Cənubi Qafqazda tək söz sahibinə çevrilməsi, suverenliyini tam bərpa etməsi və beynəlxalq siyasətdə daha yüksək səviyyədə təmsil olunmasının yolunu açan əməliyyat idi və uğurla nəticələndi".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə