“Anti-terror tədbirləri humanist prinsiplərə uyğun həyata keçirilib” - ŞƏRH OLUNDU

“Bəzi dövlətlər və onların aparıcı siyasi elitaları daxili sabitliyi qorumaq, mövqelərini gücləndirmək və strateji dividentlər əldə etmək məqsədilə müxtəlif siyasətlər həyata keçirirlər. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Politoloq qeyd edib ki, kontekstdə, qlobal səhnədə təhlükəsizlik, anti-terror və separatizmə qarşı mübarizə məsələləri önəmli sosial sifariş kimi qəbul olunur. Azərbaycan Respublikası da bu tendensiyaya uyğun siyasət yürüdür. Strateji tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin imzalanmasında əsas prioritet təhlükəsizlik məsələlərinin təmin olunmasıdır. Terorizm və separatizmə qarşı mübarizə isə bu siyasətin əsas komponenti kimi çıxış edir. Azərbaycan dövlətinin siyasi rəhbəri və Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə yeni bir trend formalaşmışdır. 2020-ci ildə Ermənistanın işğalçı siyasətinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz ərazilərini azad etmişdir. Qarabağın mərkəzində, Xankəndi və ətraf bölgələrdə isə Ermənistan tərəfindən göndərilən silahlı qruplar və terrorçuların fəaliyyəti müşahidə olunmuşdur. Dövlət başçısının nümayəndəsi həmin qruplarla danışıqlara cəlb edilmiş, iki dəfə Bakıya dəvət olunmuşlar. Lakin tərəflər müzakirələrdən qaçmış, öz hərəkətlərini davam etdirmişlər. Bu səbəbdən 2023-cü il sentyabrın 19-da Ali Baş Komandan İlham Əliyevin qərarı ilə anti-terror tədbirlərinə başlanılmışdır. Qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələri ünvanlı əməliyyatlar həyata keçirərək problemin həllinə nail olmuşdur. Bu əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri mülkü əhaliyə zərər vermədən, yalnız silahlı dəstələr və terrorçuların neytrallaşdırılmasına yönəlmiş tədbirlər həyata keçirmişdir. Əməliyyatların nəticəsi olaraq, terrorçuların silahları ələ keçirilmiş, onların zirehli texnikası, atıcı silahları və partlayıcı qurğuları təhlükəsiz şəkildə məhv edilmişdir. Əməliyyatların sonunda Xankəndində ciddi dağıntılar qeydə alınmamış, yalnız bərpa işləri aparılmışdır. Bu isə göstərir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyatları səlist, planlı və humanist prinsiplərə uyğun həyata keçirmişdir. Nəticə olaraq, Azərbaycan dövləti öz təhlükəsizlik siyasətini həm strateji tərəfdaşlıq, həm də anti-terror tədbirləri ilə birgə həyata keçirərək, həm daxili, həm də regional sabitliyin təmin olunmasına nail olmuşdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə