Mətləb Salahov: “Oğul Sorosun Trampa qarşı Demokratlarla birləşməsi ABŞ Administrasiyasını hərəkətə keçirib”
“Dünya siyasətində çirkin oyunları, bir sıra dövlətlərin hakimiyyətlərinə qarşı məkrli planları ilə tanınan Corc Soros deyəsən qürub çağına yaxınlaşır. Çünki ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında C.Sorosu hədəfə alan paylaşım edib. Ağ Ev rəhbəri milyarder C. Soros və oğlu Aleksandrın ölkədəki etirazlara dəstək verdiyinə görə mühakimə olunmasına çağırış edib. Diqqət edin, ABŞ lideri bildirib ki, milyarder C. Soros və oğlu ABŞ-dakı etiraz aksiyalarına dəstək verdikləri üçün RICO (reketçilik və qanunsuz təşkilatlara görə mühakimə aktı) qanununa əsasən mühakimə olunmalıdır. O əlavə edib ki, ABŞ hakimiyyəti “bu dəli insanlara ölkəni parçalayıb dağıtmağa imkan verməyəcək”. D.Trampın bu açıqlaması açıq şəkildə on illiklərdir ki, dünyanı qarışdıran bu maliyyə mafiyasının çöküşü üçün “fatihə” deməkdir. əslində bu gözlənilən proses idi”.
Bu barədə SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, USAİD kimi siyasi qərəz və “dollar borusu” olan dağıdıcı qurumdan sonra C.Sorosun hədəfə alınması əslində Sorosların ABŞ daxilindəki siyasi proseslərdə təsirinin getdikcə genişlənməsi və oğul Aleks Sorosun daha böyük iddialarla çıxış etməsidir.
“Hamıya aydın oldu ki, D.Tramp C.Sorosla yanaşı, onun oğlunu da hədəf alıb. Aleks Sorosun ölkə siyasətində təsiri getdikcə güclənir. Eyni zamanda onun demokratlara yaxınlığı da bir sıra qaranlıq faktlardan, eləcə də onların D.Tramp hakimiyyətinə qarşı hərəkətə keçməsindən xəbər verir. Sözsüz ki, hazırkı ABŞ prezidenti özünün hakimiyyətinə qarşı baş verən bu proseslərə kor ola bilməzdi. Bu səbəbdən də Ağ Ev rəhbərinin yaxınlaşan təhlükəni əvvəlcədən duyması, onlara qarşı hərəkətə keçməsi anlaşılan addımdır. Çox yəqin ki, yaxın vaxtlarda dünya Sorosların çöküşünü də izləməli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə