Ankarada Türkiyə-ABŞ ticarət əlaqələri üzrə birgə işçi qrupunun iclası keçirilib. SİA Türkiyənin Ticarət Nazirliyinə istinadla xəbər verir ki, ABŞ Prezident Administrasiyasının son qərarları fonunda iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq yollarının koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Türkiyə nümayəndə heyətinə nazir müavini Mustafa Tuzcu rəhbərlik edib.
Danışıqlarda dünya ticarətində proteksionizmin mənfi nəticələrinə qarşı mübarizəyə xüsusi diqqət yetiriblər.
Türkiyənin Ticarət Nazirliyi ABŞ-la ticarət dövriyyəsini ildə 100 milyard dollara çatdırmaq məqsədi daşıyan Fəaliyyət Planının yenilənməsinin vacibliyini qeyd edib.
Planlara Amerika bazarının tələbatının təhlilinin aparılması, ABŞ iqtisadiyyatının aparıcı sektorlarının nümayəndələri ilə əlaqə yaratmaq üçün ticarət nümayəndə heyətlərinin Birləşmiş Ştatlara göndərilməsi və Türkiyə şirkətlərinin dövlət səviyyəsində sərgilərdə iştirakının təşviq edilməsi daxildir.
Bundan əvvəl Ankara Türkiyənin ticarət naziri Ömer Bolatın may ayında Vaşinqtona səfərinin planlaşdırıldığını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə