“Türk Dünyasının lideri və döyünən ürəyi Azərbaycandır” - ŞƏRH EDİLDİ

“Vladimir Putin və Donald Tramp görüşünün planlaşdırılması bütün dünyanın diqqətini eyni zamanda beynəlxalq ictimaiyyətin gündəmini zəbt edir”. Bunu SİA-ya millət vəkili Tural Gəncəliyev deyib.

O bildirib ki, bu çox önəmli görüşdür: “Xüsusilə də Ukrayna üzərində gedən müharibənin başa çatması üçün xüsusi önəm daşıyır. Ancaq Cənubi Qafqazla bağlı bu görüşün elə bir xüsusi təsir effektinin olmayacağını düşünürəm. Çünki Cənubi Qafqazda artıq yeni reallıq mövcuddur. Azərbaycanın liderliyi burada danılmaz faktdır. Ona görə də Cənubi Qafqaz üzərindən bu görüşün hansısa təsirləri olacağını hesab etmirəm. Cənubi Qafqazdakı dəyişiklik məhz 44 günlük müharibədən sonra ölkəmizin yaratdığı bir reallıqdır. Bu haqq və ədalət üzərində qurulmuş beynəlxalq hüquqa əsaslanan bir dəyişiklikdir. Ancaq Donald Tramp və Vladimir Putinin görüşünün əsasən Ukrayna, iqtisadi məsələlər üzərindən olduğunu nəzərə alaraq Cənubi Qafqazın sadəcə iqtisadi kompanent kimi nəzərdən keçirilməsi ola bilər. Hesab edirəm ki, Amerika xüsusilə də Avropa İttifaqı ilə münasibətlərini gərginləşdirdiyi daha çox Rusiya ilə əlaqələrini normalaşdırdığı görürük. Bu zaman Avropa İttifaqının ofsaytda qaldığını görürük. Belə olduğu halda da Avropa İttifaqı ona görə də Amerikanın iqtisadi-ticarət təziqinə dözməyərək, Azərbaycanın dəyərini və geosiyasi mövqeyini daha yaxşı anlayaraq bizə qarşı daha çox əməkdaşlıq istəyini bildirə bilər”.

Onun sözlərinə görə, Avropa İttifaqının 27 ölkəsindən 10-u Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb: “Bizim ölkənin dəyərini yüksək qiymətləndirirlər. Ancaq Tramp və Putin görüşməsi Avropa İttifaqını çıxılmaz vəziyyətdə qoya bilər. Avropa İttifaqına hava su kimi lazım olan enerji təhlükəsizliyi məsələsində də yenə də Orta Dəhliz, Azərbaycan üzərindən keçməklə Avropaya gedən marşurut xəttlərinə daha böyük həvəslə qayıda bilər. Fikrimcə, o buna nail olacaq. Çünki Avropa İttifaqının Şimali Atlantik xətti bağlanır. Amerika onların qarşısına ciddi baryerlər qoyur belə halda da Rusiya və ABŞ-ın birlikdə hərəkət etməsi çox mühümdir. Bir neçə gün bundan əvvəl BMT-nin Baş Assambleyasında anti-rusiya qətnaməsi qəbul edilərkən, Amerika Rusiyanın mövqeyinə uyğun şəkildə səs verdi. Bu görüş sırf bu baxımdan önəm daşıyır. Bir çoxları bundan sonra anlayacaq ki, Azərbaycanla yüksək tonda danışmayaq indiyədək heç bir nəticə verməmişdisə bundan sonra nəticə verməyəcək. İndi siz Azərbaycanın dəyərini anlayaraq, ondan xahiş etməlisiniz ki, geosiyasi və enerji təhlükəsizliyini qaydaya salasınız. Ümumilikdə yeni dünya üzərində Avropa İtiffaqının rolu sıfırdır. Çünki burada özünü lider sayan Makrona Vaşinqtonda göstərilən münasibət göz önündədir. Hesab edirəm Putin və Tramp görüşündə önəmli məsələlərdən biri də digər alternativ güc mərkəzlərinin meydana çıxması və onunla əməkdaşlıq ola bilər. Misal üçün bundan biri Türk dünyasıdır. Türk Dünyasınında lideri və nəbzinin atdığı yer Azərbaycandır. Çünki Azərbaycan coğrafi olaraq Xəzər Dənizini, Böyük Qafqaz regionunu, Türkiyə, Aralıq dənizi və Qara dənizini Asiya ilə birləşdirən və Avropaya Çindən gedən əsas marşurutun ürəyində duran ölkəyik. Liderimiz güclüdür ki, bu konfikurasiya üzərində onun siyasətinin həyata keçirilməsi yenidən Türk Dünyasının ayağa qalxması deməkdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə