Elə bir çətin mövzudur ki, lap yüz ilin jurnalisti də olsan, bu məsələdə haradan başlayıb harada fikrini bitirəcəyini yəqin etmək qəliz məsələdir. Ölümün getdikcə cavanlaşdığı, məzarlıqlardakı baş daşlarında yaşı 50-ni ötməyənlərin getdikcə çoxaldığı, əvəzində qocalmağın, ömrün ixtiyar zirvəsini yaşamağın getdikcə eyni sürətlə xam xəyala çevrildiyi bir dövrdə yaşayırıq. Geni dəyişilmiş, min cür xəstəlik mənbəyi olan saxta “qidalarla” baş girləyib, sadəcə, günü günə caladığımız bir dövrdür. Adi suyun belə, dilə gətirmək ağır da olsa “təkrar emal edilib” yenidən özümüzə qanı qiymətinə satıldığı bir zamandayıq. Uşaq vaxtı yaylaqlarda qayanın dibindən sıyrılıb gələn buz bulaqlardan, rəhmətlik Hacı Zeynalabdin ağanın çəkdirdiyi “Şollar” suyundan içərdik. İndi “filtirlənmiş” ikinci əl sularla mədəmizi doldurub xərçəngə “gəl-gəl” deyirik.
Biz uşaq olarkən yaşı səksəni, doxsanı ötən qocaları görmək adi hal idisə, indi yetmiş yaşlı ixtiyarları görməyin özü təəccüblü hadisə sayılır. İnternet əsrindəki stres və sosial gərginliklər, yaşamaq, həyatda ayaq üstündə qalmaq çətinliklərinin dözülməz olduğu, sosial problemlərdən əmələ gələn psixoloji problemlər insanı hər gün və sürətlə ölümün ağuşuna atır. Bəli, məhz sosial problemlər stres və ən təhlükəli xəstəliklər üçün ələdüşməz “sərvətə” çevrilib. Azərbaycan xalqı daima mehriban, gülərüz təbiəti ilə seçilib. Amma bu gün zəmanənin, sosial problemlərin gətirdiyi gərginlik elə pik həddə çatıb ki, yolda ötərkən kiməə salam vermək, hal-əhval soruşmağın özü belə qan-qada yaradacaq qədər təhlükəlidir. Streslə, sosial şəbəkə “canavarının” mənfi informasiyaları ilə yüklənmiş Azərbaycan cəmiyyəti səmimi ünsiyyəti, hal-əhval tutmaq adətlərini çoxdan yadırğayıb desəm yəqin ki, bu yazını oxuyan əksəriyyət mənimlə razılaşacaq. Qabaqlar yolda-izdə bir “sabahın xeyir”, demək, hal-əhval soruşmaq adətimiz vardı. İndi kimə yaxınlaşıb kefini soruşsan psixoloji bomba kimi partlayır, acı cavab verir, hətta bir gülümsəyib salamlaşmaq dava-dalaşa belə səbəb olur.
Əlbəttə, hər şeyi də zəmanənin boynuna yıxmaq olmaz və yaşadığımız zamanı “günah keçisi” elan etmək qəti məntiqli deyil. Çünki zaman məhfumu bizimlə yanaşı, həm də bütün planetdəkilər üçün keçərlidir. Sadəcə, biz cəmiyyət olaraq elə bir ağır illər və stres dolu zaman keçiririk ki, həm sosial problemlər, həm də qidalandığımız qidalar bizi elə gəncliyimizdəcə qocaldır, qocalmaq arzusu isə, artıq elə arzu olaraq da qalır. Bizləri qocaldan təkcə problemlər deyil, həm də QİDA XƏRÇƏNGİDİR!
Bir haşiyə çıxmasam olmaz. Bu yazını oxuyan hər kəs mənimlə razılaşar ki, artıq təbii qida deyilən məhfumu beyin hüceyrələrimizdən silmişik. Çünki ölkəmizdə təbii qida da artıq qəhətə çıxıb, əvəzində marketlərdə geni dəyişilmiş, insan sağlamlığı üçün ölüm saçan yalançı “qidalar” at oynadır. İri supermarketlərdə əsl mənşəyi və real qiyməti məlum olmayan ərzaqların adamın gözünə girdiyi bir vaxtda yaşayırıq.
Hər gün nələr yeyirik? Yuxarıda da qeyd etdiyim kimi filtirlənmiş, kimyəvi qatqı əlavə olunmuş “su” içirik, qatqı əlavə olunmuş yalançı “süd”, təkcə elə rəngini ağartmaq üçün neçə ton gübrə vurulan və ən aşağı kateqoriyalı “undan” hazırlanan, ən dəhşətli xəstəlik törəyicisi sayılan zavod çörəyi, evlərə verilən çirkli suların həddən artıq xlorla doldurulması – bütün bu sadaladıqlarım dəhşətli də olsa gerçək həyatımızın acı tablosudur. Hətta artıq süni ət və süni düyü dövrünün başlanmasına “bismillah” da edilib...
Bəli, hər şey artıq sünidir. Bu süni qida dövründə bir də kasıb kütlənin ayaqüstü öz mədəsini aldatmaq üçün gündəlik aldığı 2-3 manatlıq dönərlər də mənşəyi naməlum, hətta insan orqanizmi üçün həddindən çox təhlükəli “ətlərlə” zəngindir. Bu murdar ətlərdən hazırlanan dönərlərdən zəhərlənmə faktları kəllə-çarxa çıxıb artıq.
Və bütün bu sadaladıqlarımdan sonra yaşlanma, ömrün ixtiyar yaşına çatmaq da eləcə xəyala dönən arzu kimi ürəyimizdə qalıb bizi sızladacaq. Çünki bu cür “qidalarla”, sosial problemlər və streslərlə ancaq 50-yə çatmaq olur. O da hələlik. Bir neçə ildən sonra 50 yaş da əlçatmaz olacaq əzizlərim. Mütləq pensiya yaşını 50-yə qədər endirməliyik ki, heç olmasa pensiya üzü görən tapılsın. Ciddi sözümdür, zarafat etmirəm, acı gerçək belədir. Çünki murdar dönərlərlə, “ikinci əl” sularla, palma yağı ilə uzağı 50-yə qədər yolumuz var...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə