Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR

Vaşinqtonda 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar tək Azərbaycan üçün önəmli tarixi hadisə deyil, eyni zamanda digər xalqlar üçün də müstəqillik, suverenlik mesajı idi. “Biz heç zaman şəhidlərimizi unutmayacağıq. Onların adlarını, ülvi düşüncələrini yaşadacağıq. Eyni zamanda çalışacağıq ki, öz işimizlə Azərbaycanı daha güclü edək və xüsusilə, ABŞ-da bu hadisələri daha çox tanıdaq”, - deyə o qeyd edib.

Səfirin sözlərinə görə, bundan əvvəlki illərdə 20 Yanvarın necə faciəvi bir gün olduğu və nələr baş verdiyini barədə sadəcə danışılırdı, bu gün isə artıq tələbələr, icma nümayəndələri həmin günü ABŞ-da, o cümlədən universitetlərdə və mətbuatda təbliğ etməyə dair təkliflərlə çıxış edirlər.

Xəzər İbrahim əlavə edib ki, Azərbaycan xalqının birliyi hər zaman davam edəcək: “Ali Baş Komandanımız bizə şəhidlərimiz və əsgərlərimizlə birlikdə qələbələr gətirib. Əminəm ki, biz bundan sonra da bir olaraq bu zəfərlərin sayını çoxaldacağıq”.

Tədbir çərçivəsində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə