Tarixi qonşuluğun, qardaşlığın nümunəsi - ŞƏRH

“Azərbaycan və Gürcüstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır”.

SİA-nın məlumatına görə, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib. O bildirib ki, bu gün Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir.

“Nə Şərq, nə də Qərb öz inkişafını eyni səviyyədə davam etdirə bilər. Əsas odur ki, regionumuzda sülh və sabitlik daim qorunsun. Bu istiqamətdə iki suveren və azad dövlət – Azərbaycan və Gürcüstan bütün sahələrdə, təkcə iqtisadi deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirəcək. Məqsədimiz bölgədə əbədi sülh və rifahın təmin olunmasıdır”, - deyə vurğulayıb.

Deputatın sözlərinə görə, Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır.

“İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib”, - deyə Əminə Ağazadə bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACECA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir:

“Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir”.

Bütün xəbərlər Facebook səhifəmizdə