"Hakimiyyətə gəlmək Azərbaycan xalqını düşünərək atılan addım idi" - ŞƏRH EDİLDİ
"Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğunda böyük rolu var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
O bildirib ki, mədəniyyətin, idmanın, digər sahələrin inkişafı üçün başlıca şərt ictimai-siyasi sabitlik və təhlükəsizlik mühitinin formalaşmasıdır: "Heydər Əliyevin əsas missiyası da məhz bu şəraitin formalaşdırılması idi ki, daha sonra o zəmində, şəraitdə bütün sahələr inkişaf etsin.
Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.
Ümummilli Liderin fəaliyyətinin bir özəlliyi də var. Bu da ondan ibarətdir ki, o həyatında iki dəfə hakimiyyətə gəlib. Adətən insanlar birinci dəfə uzunmüddətli fəaliyyətdən sonra qırağa çəkilir, yaxud, qayıdırsa da hakimiyyətə, fəaliyyətə müəyyən şəraitdə qayıdır. Lakin Heydər Əliyevin özəlliyi və Azərbaycan xalqı tərəfindən Ümummilli Lider kimi qəbul edilməsinin əsası ondan ibarətdir ki, o, Azərbaycanı məhv olunmaqdan qorudu. Həyatını bu işə bəxş etdi və həyati təhlükəsi olsa belə, o, ikinci dəfə hakimiyyətə gəlməklə yanaşı Azərbaycan dövlətini formalaşdırdı. Bu müharibə dövründə, sosial-iqtisadi böhran, daxili çəkişmələr dövründə hakimiyyətə gəlmək ilk növbədə Azərbaycan xalqını düşünərək atılan addım idi".
Bütün xəbərlər Facebook səhifəmizdə