“Heydər Əliyev olmadan respublikanı böhrandan çıxarmaq mümkün deyildi” - ŞƏRH EDİLDİ

“Ulu Öndər Heydər Əliyev dünya şöhrətli siyasətçi, dövlət xadimi olaraq Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaq və onun bəşəri ideyaları daim anılacaqdır. Çünki müstəqil Azərbaycanın inkişafı dünəni, bu günü və gələcəyi Heydər Əliyevin ölməz ideyaları və onun qoyub getdiyi zəngin irslə sıx əlaqədardır. Ulu Öndər nəinki müstəqillik dövründə, 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbər təyin edilərkən, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərkən onun fəaliyyətində bəşəri duyğular, ideyalar, xalqın iqtsadi, mədəni və mənəvi həyatında özünün tam əksini tapmışdır. O dövrdə ittifaqda ən geridəm qalan respublikalardan biri olan Azərbaycan tez bir zamanda nəinki regionun, ittifaqın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Xalq həmin xidmətləri daim dəyərləndirir və dəyərləndirməlidir. Çünki Heydər Əliyev o dövrdə Azərbaycanın ictimai həyatını tamamilə dəyişmişdir. Nəinki iqtisadi sahə, bütün sahələrdə əsaslı dönüş yaradılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, xalq bu fəaliyyəti o dövrdə də yüksək qiymətləndirmişdir və müstəqillik dövründə bu amil Heydər Əliyevin hakimiyyətə gətirilməsində böyük rol oynamışdır: “Ən çətin günlərində Azərbaycan xalqı ilə bir olan, ölkənin taleyi barədə düşünən, insanlara qayğı və diqətini əsirgəməyən Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gətirilməsi zəruri və qaçınılmaz idi. Xalq bilir, dərk edir və qiymətləndirirdi ki, Heydər Əliyev hakimiyyətə gəlmədən respublikanı böhrandan çıxarmaq mümkün deyil. Çünki 1993-cü ilin ağır günləri, torpaqlarımızın işğal altına düşməsi respublikadakı hərc-mərclik, siyasi qruplaşmalar, özbaşınalıq Azərbaycanı məhv olmaq təhlükəsi altına salmışdı. Belə bir zamanda xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Bundan sonra ölkədə ciddi işlər görüldü və 1993-cü ilin oktyabr ayında Heydər Əliyev yenidən hakimiyyətə gəldi, prezident seçildi. Bu tarixi bir gün idi, həmin günün və seçimin dəyəri bu gün ölkənin inkişafında, suverenliyimizin təmin olunmasında, insanlarımızın birliyində özünü göstərir. Heydər Əliyev Prezident seçildikdən sonra yeni bir inqilabi dövrə qədəm qoyuldu. Silahlı birləşmələr tədricən ləğv olundu, ölkədə ictimai-siyasi sabitlik yarandı, “Əsrin Müqailəsi” imzalandı, atəşkəs rejimi tətbiq olundu. Həmçinin xarici ölkələrlə əlaqələr möhkəmləndirildi, Azərbaycan beynəlxalq aləmə çıxış etdi və iqtisadi inkişafa xüsusi diqqət ayrıldı. Azərbaycan torpaqlarının işğal altında olması, Azərbaycanda davam edən böhranın həll edilməsi sözsüz ki, Heydər Əliyevin qarşısında duran birinci vəzifə idi.

Böyük insan, siyasi xadim Heydər Əliyev özünün qüdrəti, müdrik siyasəti ilə bir çox çətinliklərin öhdəsindən gəldi. O dövrdə həyata keçirilən islahatlar, xüsusilə torpaq islahatı ölkənin həyatında çox mühüm hadisə idi. Artıq kəndli öz torpağının sahibi oldu, iqtisadiyyat dirçəlməyə başladı. Eyni zamanda həmin dövrdən etibarən Azəbaycan beynəlxalq aləmdə öz sözünü deməyə başladı. Bağlanmış müqavilələr, həyata keçirilən yeni layihələr, xüsusilə neft müqavilələrinin inkişafı təmin edildi. Azərbaycanın inkişaf təməli möhkəmdir və bu gün Azərbaycan həmin təməl üzərində daha da inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarını ardıcıl olaraq yerinə yetirməsi sayəsində ölkəmiz bu gün dünyanın ən qabaqcıl respublikalarından birinə çevrilib. Ümummilli Liderin ən böyük arzusu Azərbaycanı bütöv, suveren və müstəqil görmək idi. Bu vəzifəni Ali Baş Komandan cənab İlham Əliyev uğurla həyata keçirdi. Heydər Əliyev sağlığında vətəndaşların birliyinə, milli-mənəvi dəyərlərə çox böyük qiymət verirdi və hazırda da bu ənənələr ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir. Məhz bunun sayəsində biz 44 günlük müharibə və 23 saat davam edən anti-terror tədbirləri nəticəsində düşmənə ağır zərbə endirib, torpaqlarımızı işğaldan qurtarmağa nail olduq.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda prezident seçildiyi 3 oktyabr tarixi mühüm əhəmiyyət kəsb edir və hər zaman xatırlanacaq. Çünki bu tarix istiqlalımıza aparan yolun başlanğıcıdır. Qoyulan təməlin möhkəm olmasının nəticəsidir ki, artıq Azərbaycan dünyada sözü keçən dövlət kimi fəaliyyətini davam etdirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə