"Qafqaz regionu hər zaman Qərbin marağında olub" - BAMF sədri ŞƏRH ETDİ
“İnformasiyaya nəzarət - hər hansı bir məkana, regiona, yaxud ölkəyə hərtərəfli nəzarəti ələ almaq üçün ən mühüm faktorlardan biridir. Xüsusən, müasir dövrdə məkanın iqtisadiyyatını, siyasi vəziyyətini, strateji istiqamətini nəzarətdə saxlamaq məqsədilə əsasən güclü informasiya resurslarına daha çox müraciət edilir. Bunun üçün hökmən maraq dairəsində olan ölkənin informasiya mənbələrini izləmək vacibdir. Belə ki, XXI əsrdə bərqərar olan demokratik üsul-idarə artıq bir çox məsələləri silahla, topla, tüfənglə həll etməkdə çətinliklər yaradır, hətta mümkünsüz edir. Bu səbəbdən dünyanın qabaqcıl dövlətləri, güclü strateji mövqeyə malik olan Amerika, Rusiya kimi, eləcə də bəzi Avropa ölkələri maraqları dairəsində olan regionları informasiya nəzarəti altına almağa, bu yolla öz təsirləri dairəsində saxlamağa çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Umud Rəhimoğlu deyib: “Dünya tarixinə nəzər salsaq, görərik ki, Qafqaz regionu da hər zaman Qərbin marağında olub. Rusiyanın və bəzi Avropa ölkələrinin Qafqaz bölgəsinə olan yürüşləri haqqında məlumata malikik. Qafqazın ən mühüm strateji məkanlarından olan Azərbaycan həm coğrafi mövqeyinə görə, həm də tükənməz iqtisadi potensialına görə daim imperiapərəst Qərbin diqqət mərkəzində olub.Təsadüfi deyil ki, ölkəmizdə ötən əsrin əvvəllərində Bakını bolşevik-daşnak quldurlarından xilas etməyə gələn Qafqaz İslam Ordusunun döyüşçülərinin uyuduğu Türk məzarlıqları ilə yanaşı, o zamankı Dünya Müharibəsi dövründən qalma ingilis və digər Avropa xalqlarının vətəndaşlarına məxsus məzarlar da mövcuddur.
İndi dünya dəyişib. Demokratik düzənin ən böyük atributlarından biri söz və məlumat azadlığıdır. Elektron sistemlərin, texnologiyaların, kütləvi informasiya vasitələrinin güclü inkişaf etdiyi müasir dövrdə ölkələr qapıları və pəncərələri bağlayaraq informasiya axınının qarşısını ala bilməzlər. Bu, heç mümkün də deyil.
İnformasiya azadlığı hər bir ölkə haqqında mənfi ya müsbət təsəvvürləri formalaşdıran bir seqmentdir. Odur ki bizim də atacağımız addımlar çağdaş dövrə uyğun olmalıdır. Bunu nəzərə alaraq biz özümüz informasiya vasitələri ilə daha operativ işləməyə üstünlük verməli, zəruri informasiyaların toplanması və yayımı məsələlərində daha fəal olmalıyıq. Burada vətəndaş cəmiyyətinin rolu da nəzərə alınmalı, sosial şəbəkələrdə ölkəmizin mənafeyi baxımından daha aktiv və təsirli arqumentlər əksini tapmalıdır. Bu baxımdan media və vətəndaş cəmiyyəti sahələrinə fərqli yanaşma tətbiq edilməli, bu istiqamətdə fəaliyyət daha da intensivləşdirilməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə