Seçkilər Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcək TƏHLİL
44 günlük Vətən Müharibəsində əldə olunan parlaq hərbi, siyasi, diplomatik qələbə regionda yeni və əhəmiyyətli reallıqlar yaratdı. Bu reallıqlara uyğun olaraq ölkəmizin bütün sahələrində dəyişiklərin aparılması, islahatların keçirilməsi, yeniliklərə nail olunması zərurətə çevrildi. Sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri reallıqlara uyğun vacib hesab olunan tədbirlərdəndir. Bunu zəruri edən hallardan biri də ondan ibarətdir ki, növbədənkənar parlament seçkiləri 30 ildən sonra ilk dəfə ölkəmizin bütün ərazilərində keçiriləcək. Bununla bağlı Mərkəzi Seçki Komissiyası lazım olan bütün işləri həyata keçirib. İşğaldan azad edilən ərazilərdə yeni seçki məntəqələri üçün binalar yaradılıb, komissiyalar formalaşıb. Şuşa, Xankəndi, Füzuli, Ağdam, Xocalı, Ağdərə şəhərlərində və Hadrut qəsəbəsində seçki məntəqələri təşkil edilib. Əgər 2023-cü il fevralın 7-də prezident seçkiləri zamanı işğaldan azad edilmiş ərazilərdə 44 seçki məntəqəsi fəaliyyət göstərmişdirsə, hazırda seçki məntəqələrinin sayı 55-ə çatdırılıb.
İşğaldan azad edilən ərazilərdə yaradılan yeni seçki məntəqələri hər cür texniki avadanlıqlarla, o cümlədən fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunublar. İnsanların rahatlığının təmin olunması üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Məntəqə seçki komissiyasının sədri, üzvlər və müşahidəçilər üçün məntələrdə yüksək şərait yaradılıb, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib. Parlament seçkiləri ilə yanaşı COP29 konfransına hazırlıq işlərinin aparılması Azərbaycanın möhtəşəm gücə və imkanlara malik döövlət olduğunu nümayiş etdirir. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında dediyi kimi: "Bu il Azərbaycan önəmli siyasi prosesdən keçir. Həm Milli Məclisə seçkilər, həm də COP29 beynəlxalq tədbirinə ev sahibliyi etmək ölkəni diqqət mərkəzinə gətirir. Milli Məclisə seçkilərin Qarabağda da keçirilməsi qürurverici haldır". Bilal Dündar qeyd edib ki, illərdir işğalda qalan, lakin 44 günlük Vətən müharibəsi və 23 saatlıq anti-terror əməliyyatı nəticəsində azad edilən Qarabağ torpaqlarında seçkilərin keçirilməsi tarixi anlar olacaq: "Çünki 30 il idi ki, bu torpaqlara azərbaycanlı ayağı dəymirdi. Lakin çətin günlər artıq arxada qalıb. Qardaş Azərbaycanın bu uğurlara yiyələnməsi, indiki məqama qədər yüksəlməsi, azad edilən ərazilərində seçkilər üçün münasib şəraiti yaratması hamımızı sevindirir. Qardaş Azərbaycanın uğuru, Türkiyənin uğurudur". B. Dündar əlavə edib ki, 1 sentyabr seçkilərindən gözləntilər çoxdur: "Hesab edirik ki, layiqli namizədlər seçiləcək, şəffaflıq mühiti qorunacaq və Azərbaycan parlamentinin nüfuzu bundan da yüksək səviyyəyə qalxacaq".
Seçicilər Şuşada, Laçında və digər azad olunmuş ərazilərdə öz deputatlarını seçəcəklər
Politoloq İlqar Vəlizadə parlament seçkilərinin keçirilməsini tarixi hadisə adlandırıb. O, "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında bildirib ki, fevral ayında keçirilmiş prezident seçkiləri ilk dəfə idi ki, işğaldan azad olunmuş əraziləri də əhatə edirdi: "Bu, sanki müsbət bir ənənə halına alır. Çünki hazırda Milli Məclisə seçkilərlə bağlı proses də eyni əhvalda başlayıb. Seçicilər Şuşada, Laçında və digər azad olunmuş ərazilərdə öz deputatlarını seçəcəklər".
Politoloq İlqar Vəlizadə onu da bilıdirib ki, deputatlığa namizədlərin ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə səs toplamaq imkanı qazanmaları tarixi hadisə sayılmalıdır: "Hətta ola bilər ki, bələdiyyə seçkiləri ilə bağlı da oxşar hadisələr baş versin. Bütün bunlar ondan xəbər verir ki, müharibədən sonra ölkəmizdə yeni siyasi vəziyyət formalaşıb. Nəinki ölkəmizdə, ümumilikdə regionda yeni reallıqlar yaranıb. Azad olunmuş ərazilərdə seçkilərlə bağlı hazırkı mühüm proseslərə nəinki mənəvi, siyasi-hüquqi aspektdə də baxmaq lazımdır. Bu, bütün ölkə ərazisində hakimiyyətin legitimliyini möhkəmləndirir. İndiki halda keçiriləcək Milli Məclis seçkilərinin əsas məqsədi yeni siyasi reallıqları təsdiqləmək, ölkəmizin, xalqımızın yeni siyasi mərhələyə keçidini təmin etməkdir".
Beynəlxalq təşkilatların diqqəti Azərbaycandadır
Seçkiyə hazırlıq və namizədlərin yüksək fəallıqla özlərinin təşviqatlarını aparmaları dünyanın böyük nüfuza malik beynəlxalq təşkilatlarınında diqqətini özünə cəlb edib. Hər gün dünyaca tanınmış agentliklər, qəzet və jurnallar, televiziyalar Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müxtəlif məzmunlu məqalələr çap edir, reportajlara yayımlayırlar. "Növbədənkənar parlament seçkiləri ilə əlaqədar iki minə yaxın yerli və xarici müşahidəçi müraciət edib. Onların, demək olar ki, hamısı da müsbət cavab alıb". Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin 1630-u yerlidir. "Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb.
İtaliya, Çexiya Parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcək. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir", - deyə o əlavə edib.
"Milli Məclisə seçkilərin keçirilməsi Azərbaycan xalqına ölkənin hər bir rayonunun yeni perspektivlərini göstərməyə imkan yaradacaq. Həmçinin, bu seçkilər Azərbaycanın regionda suverenliyini və milli maraqlarını qorumağı bacaran bir dövlət kimi nüfuzunu yeni səviyyəyə qaldıracaq. Ölkənin ərazi bütövlüyünün bərpasından sonra ilk parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də təşkil edilməsi Azərbaycanın bölgədəki və beynəlxalq münasibətlərdəki mövqeyini daha da gücləndirəcək". Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında israilli jurnalist, siyasi ekspert Mark Qorin deyib. O, parlament seçkilərinin regionda tarixi əhəmiyyət daşıdığını bildirib: "Azərbaycanın növbədənkənar parlament seçkiləri beynəlxalq medianın və müxtəlif yönümlü siyasi qüvvələrin diqqət mərkəzindədir. Belə ki, milli maraqlarını qorumağı bacaran Azərbaycanın regionda söz sahibi qismində dayanıqlı mövqeyi bu seçkilərə olan marağı daha da artırır. Vurğulamaq istərdim ki, seçkilər azad edilmiş rayonların sakinləri üçün mənəvi əhəmiyyət daşımaqla bərabər, həm də bu ərazilərin iqtsadi və mədəni inkişafının təməlini qoyacaq. Yeri gəlmişkən, Bakıda doğulmuş və bir vaxtlar Azərbaycanda seçkilərdə iştirak etmiş bir vətəndaş kimi, bu möhtəşəm hadisə münasibətilə Azərbaycan xalqınma öz təbriklərimi çatdırıram".
Parlament seçkilərində şəffaflıq mühiti qorunacaq
Beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz isə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan zəngin seçki təcrübəsinə malik olan ölkə olduğunu bildirib: "İndiyə qədər keçirilən referendumlarda, prezident, parlament və bələdiyyə seçkilərində beynəlxalq standartlara uyğun seçki təcrübəsi formalaşıb. Seçkilərin təməl prinsipi hər kəsin seçmək və seçilmək hüququnun təmin edilməsidir. Azərbaycan da bu təməl hüququ təmin edir. Seçkiöncəsi təşviqat kampaniyasında hər kəsə bərabər şərait yaradılır. Səsvermə prosesində də şəffaflıq təmin edilir. Beynəlxalq müşahidəçilərin Azərbaycandakı seçkilərlə bağlı hazırladıqları hesabatlarda bütün bunlar öz əksini tapır". Türkiyəli mütəxəssis sentyabrın 1-də baş tutacaq parlament seçkilərinin tarixi hadisə olduğunu vurğulayıb: "Azərbaycan 44 günlük müharibə və anti-terror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Azərbaycan parlamentinə seçkilər ilk dəfə azad olunmuş ərazilərdə də keçiriləcək. İşğal dövründə Qarabağ və digər ərazilərdən qaçqın düşmüş vətəndaşlar seçkilərdə öz doğma yurdlarına səs verə bilmirdi, o cümlədən, bu ərazilərdən seçilən millət vəkilləri də başqa bölgələrdə fəaliyyət göstərirdi. Sentyabrın 1-də artıq yeni dövr başlayacaq. Səsvermə prosesi azad olunmuş ərazilərdə keçiriləcək və seçiləcək millət vəkilləri də fəaliyyətlərini yerində apara biləcəklər. Bu, Azərbaycan parlamentinin tarixində yeni mərhələ olacaq".
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayzanın seçkilərlə bağlı söylədiyi fikirlərdə maraqlıdır: "Ötən ilin sentyabr ayında Azərbaycan suverenliyini tam bəpra etdi. Sürətli və uğurlu tədbirlər həyata keçirməklə Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı təhlükə yaradan amillər aradan qaldırdı. Sözsüz bu amil Azərbaycanda keçiriləcək parlament seçkilərinin də əhəmiyyətini çox yüksəltdi. Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin Azərbaycanın bütün ərazilərində baş tutacağını xatırladan beynəlxalq ekspert qeyd edib ki, seçkilər hər bir ölkənin demokratik inkişafı üçün vacibdir və bəzi hallarda regional təsirə malikdir.COP29 ərəfəsində seçkilərin keçirilməsi Azərbaycanın qlobal nüfuzunu daha da gücləndirəcək. Bu prosesi mən alqışlayıram".
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB