"Belə görüşlərin, vaxtaşırı səfərlərin böyük əhəmiyyəti var" - MÜNASİBƏT BİLDİRİLDİ
"Qazaxıstan bizim üçün həm qardaş məmləkətdir, həm də müttəfiq, vacib tərəfdaşlarımızdan biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, bizi ayıran Xəzər dənizi vaxtilə maneə sayılırdısa, indi əksinə maneə sayılmır: "Çünki bizim xeyli sayda razılaşmalarımız var. İnsanların, yüklərin daşınmasında Qazaxıstanla zəncirvari proses yaratmışıq. Ona görə də bir-birimizi tamamlayırıq. İntermodal daşınmalardan söhbət gedirsə, həm yerdə, həm havada, həm də dəniz üzərində daşımalar nəzərdə tutulur ki, biz onları da uğurla həyata keçiririk. Amma Bakı ilə Astana arasında həm də strateji tərəfdaşlıq, eləcə də hərbi sənaye kompleksində də yaxınlığımız var. Təsadüfi deyil ki, biz bir neçə dəfə birgə hərbi təlimlər keçirmişik. Qazaxıstan və Azərbaycanın silahlı birləşmələri bu işdə vahid tərzdə fəaliyyət göstəriblər. Bu ondan xəbər verir ki, biz ilk növbədə təhlükəsizlik və sabitliyin qorunmasında bir-birimizə güvənirik. Həm də birgə səylərlə həmahəng hərəkət edirik. Bu sahədə böyük təcrübəmiz var. Bu, heç kim üçün sirr deyil. Vaxtilə Heydər Əliyevin dövründə Qazaxıstanın birinci prezidenti ilə təməl daşı qoymuşdular ki, bizim dövlətlərimiz həm qardaşdırlar, həm Türk Birliyinin yaxın üzvləridir, gərək bunlar həmişə bir-biri ilə yaxın əlaqədə olsunlar, siyasi elitasının bir-birindən xəbəri olsun. Təsadüfi deyil ki, son illər ərzində biz Prezident İlham Əliyevin bir neçə səfərinin şahidi olmuşuq. İndi növbəti səfərdir".
"Qazaxıstanın paytaxtında bölgə ölkələrinin işgüzar, yüksək səviyyəli görüşü keçirildi. İlham Əliyev oraya dəvət olunub. Bu, birinci dəfə deyil ki, Azərbaycan liderini belə səviyyədə olan tədbirlərə dəvət edirlər. Birincisi, biz həm coğrafi baxımdan bir-birimizə sıx bağlıyıq, digər tərəfdən Türk Birliyinin fəal üzvləriyik. Bakı, Astana, Daşkənd, Bişkek və Aşqabadda biryerdəyik. Amma bu 2-3 ölkə ilə Azərbaycan daha yaxından əməkdaşlıq edir. Bu həmkarlığın da böyük faydalarını görürük. Pandemiya dövründə ölkələrimiz arasında daşımalarda 33% civarında artım olmuşdu. Bu, özünəməxsus göstərici idi. Çünki o zaman bütün dövlətlər qapılarını bağlamışdı, çalışırdılar ki, özünütəcrid siyasətini həyata keçirsinlər. Amma Prezident İlham Əliyev Türk Dövlətlərinin növbədənkənar fövqəladə sammitini videoformatda keçirməklə bəlli etdi ki, biz özümüzü qoruya bilirik, milli səviyyədə proqramlarımız var, amma həm də daşımalardan imtina etmirik. Çünki daşımalar ölkələrimizə iqtisadi divident gətirir. Digər tərəfdən pandemiya ilə bağlı lazımi ləvazimatları, tibbi vasitələrinin daşınmasında yaxından iştirak edirdik. Həm özümüzə, həm də digər məmləkətlərə kömək edirdik. Odur ki, bu proseslərin hamısında Azərbaycan və Qazaxıstan çox yaxındırlar. Dövlətlərimizin rəhbərləri səviyyəsində dialoq həmişə yüksək səviyyədə keçir. Bu dialoq praqmatizim səviyyəsində köklənmiş dialoqdur. Həmişə bir-birimizdən xəbərdarıq. Bu da bizə kömək edir ki, yeni çağırış, təhdidləri lazımı qaydada dəyərləndirək, həm onları qarşılayaq, həm də vahid mübarizə sistemində bir nöqtədə olaq. Mənə elə gəlir ki, belə olduğu halda münasibətlərimiz çox ahəngdar səviyyədə inkişaf edir. Bizim böyük əməkdaşlıq planlarımız var. Belə görüşlərin də, vaxtaşırı səfərlərin böyük əhəmiyyəti var. Çünki dövlət rəhbərləri həmişə belə görüşlərdən layiqincə istifadə edirlər ki, lazımı məqamları müzakirə etsinlər, həm vahid baxış nümayiş etdirsinlər, görsünlər ki, korrektə olunası məsələlər varsa, onları necə təmin etmək lazımdır. Bu baxımdan bu yaxınlarda Londonda, keçmiş Avropa siyasi Birliyinin sammitində gördük ki, Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşmək məsələsində imtina etdi. Bu, özlüyündə əcaib qərar idi. Çünki bu, Ermənistana daha çox lazım olan görüş idi. Ancaq Ermənistan siyasi rəhbərinin qətiyyətsizliyi, bacarıqsızlığı, digər ölkələrdən, güc mərkəzlərindən asılılığı bir daha təsdiqlədi ki, Nikol Paşinyan özbaşına qərar verməyə hazır deyil. Halbuki, o, gərək ki, imkandan istifadə etsin. Çünki gündəmdə olan sülh məsələsidir.
Nursultan Nazarbayevdən, Heydər Əliyevdən başlayaraq Azərbaycan lideri daim görüşür, bu görüşlərə də ehtiyac var. Lazım gəldikdə telefon danışıqları da olur. Biz daim məsləhətləşmələrlə danışıqlarımızı aparırıq ki, lazımı məsələlərin həllində bir-birimizi tamamlayaq və aydın, şəffaf bir proqram formalaşdıraq" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə