İsmayıl Haniyəyə sui-qəsd. Haniyə kim idi? Bölgədə nələr olacaq? TƏHLİL

HƏMAS lideri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürüldüyü açıqlanıb. HƏMAS-ın verdiyi açıqlamaya görə, İsrail, Haniyənin Tehrandakı iqamətgahında sui-qəsd təşkil edib. HƏMAS-ın yüksək səviyyəli rəsmilərindən Musa Əbu Merzuk bu sui-qəsdə görə İsrailə cavab verəcəklərini bildirib. Bəzi mənbələrə görə, Haniyənin iqamətgahına uzaqdan idarə olunan raketlə hücum edilib.

“İsrail öz məqsədlərinə çata bilməyəcək. HƏMAS-ın müqavimətini, iradəsini qıra bilməyəcək. Yolumuzdan dönməyəcəyik. Qələbəyə əminik", - deyə HƏMAS rəsmiləri bildirib. Fələstin hökumətinin başçısı Mahmud Abbas da sui-qəsdi qınayıb. Sui-qəsdi pisləyən Abbas Fələstin xalqını İsrailə qarşı birlikdə hərəkət etməyə, səbirli olmağa və işğala qarşı möhkəm dayanmağa çağırıb. İran rəsmilərindən gələn məlumata görə, hadisə ilə bağlı araşdırma aparılmaqdadır və araşdırmanın nəticəsi yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Məsələdən dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyindən reaksiya gecikməyib. Fələstin xalqına başsağlığı ifadə edilən bəyanatda, bu hücumun “Netanyahu hökumətinin sülh niyyətində olmadığını bir daha ortaya qoyduğu” bildirilib. Onların fikrincə, bu hücum həm də Qəzzadakı müharibəni regional ölçüyə yaymaq məqsədi daşıyır. Görünən odur ki, beynəlxalq ictimaiyyət məsələyə müdaxilə üçün hərəkətə keçməsə, bu region daha böyük münaqişələrlə üzləşəcək. Son olaraq Türkiyə tərəfi bildirib ki, “Fələstin xalqının haqq yolunu dəstəkləməyə davam edəcəyik”. Rusiya da məsələ ilə bağlı açıqlama verib və hücumu pislədiyib. Rusiya Xarici İşlər Nazirliyi Haniyənin ölümünü “qəbuledilməz və siyasi sui-qəsd” kimi qiymətləndirib. Eyni zamanda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Haniyənin ölümünün bölgədə gərginliyin artmasına səbəb olacağını bildirib.

Onu da qeyd edək ki, İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkian ilə Tehranda görüşüb və yeni prezidentin andiçmə mərasimində iştirak edib. Haniyə Pezeşkiandan başqa İranın dini lideri Ayətullah Əli Xamenei ilə də görüşüb. HƏMAS-ın yarandığı gündən bəri aparıcı simalarından biri olan Haniyə 2006-cı ildə Fələstinin baş naziri təyin edilmiş, lakin növbəti il ​​Qəzzada baş verən hadisələrdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Haniyə 2017-ci ildə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri seçilib. Eyni zamanda ABŞ 2018-ci ildə Haniyəni "terrorçular siyahısı"na əlavə edib. Həmin il Qəzzanı tərk edən Haniyə daha çox Qətərdə yaşayıb. O, 7 oktyabr hücumlarından sonra HƏMAS-ın İran diplomatik nümayəndəliklərinə də tez-tez baş çəkirdi. Haniyə bu müddətdə prezident Rəcəb Tayyib Ərdoğanla da görüşüb. O, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışıb, yardım və atəşkəs məsələlərini müzakirə edib. Haniyənin üç oğlu da İsrailin aprelin 10-da Qəzzadakı hava hücumunda həyatını itirib.

İsrail tərəfi isə Haniyənin ölümü ilə bağlı birbaşa şərh verməyib. İsrail tərəfindən Nazir Amiçay Eliyahu deyib ki, Haniyənin ölümü "dünyanı daha yaxşı bir yerə" çevirib. Haniyənin ölümü ilə bağlı hələlik ABŞ-dan heç bir açıqlama verilməyib. Eyni zamanda İsrail, dünən Livanın paytaxtı Beyrutda həyata keçirdiyi əməliyyatda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükrünün öldürüldüyünü desə də, Hizbullah bu xəbəri hələ ki, təsdiqləməyib.

HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsraildə həyata keçirdiyi hücumlarda əksəriyyəti mülki vətəndaş olmaqla 1200-ə yaxın insan həyatını itirib, 251 nəfər girov götürülüb. İsrail tərəfi girovlardan 39-nun öldüyünü, 111-nin isə hələ də Qəzzada saxlanıldığını açıqlayıb. Daha sonra İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr hücumlarından sonra HƏMAS-ı məhv edəcəklərini və bütün girovları geri qaytaracaqlarını bildirib. İsrailin cavab əməliyyatlarında isə 7 oktyabrdan bəri ən az 39 min 400 adamın həyatını itirdiyi açıqlanıb. İranda öldürülən HƏMAS lideri isə İsrailin törətdiyi siyasi sui-qəsdlərdən sadəcə biridir. Görünən odur ki, bu tip hadisələrin sayı artdıqca Qəzzadakı müharibənin şiddəti də artacaq. Beləliklə, regionda şiddətin ciddi şəkildə artması gözləniləndir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə