Orban AB siyasətində yeni cığırlar açır TƏHLİL

Macarıstan 2024-cü il iyulun 1-dən altı aylıq Avropa İttifaqına sədrlik missiyasına başlayıb. Daha sonra baş nazir Viktor Orban Kiyevə gedib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bu müddət ərzində Avropa Parlamentində digər sağçı qruplarla birgə “Avropa üçün Vətənpərvərlər” ittifaqı yaradılıb. Bütün bu hadisələrlə nəzərən demək olar ki, Macarıstanın sədrlik dönəmini kifayət qədər maraqlı nüanslar müşayiət edəcək. Belə ki, Ukraynadakı görüşdən sonra Orban Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşərək, müharibənin həlli yollarını axtarıb. Orbanın Putinlə görüşü digər Aİ liderlərindən sərt reaksiyalar alıb. Ukrayna isə bu görüşün onunla məsləhətləşdirilmədiyini bildirib.

Macarıstanın Orbanın rəhbərliyi ilə öz maraqlarına uyğun hərəkət etməsi və bu minvalda Rusiya ilə əlaqələr qurması Avropa siyasətindəki dərin çatların yeni göstəricisidir. Belə olan vəziyyətdə AB-nin müvəqqəti sədri olan Macarıstanın Ukrayna üçün sülh missiyasını üzərinə götürməsi də bir çox maraqlı məqam doğura bilər.

Gələn açıqlamalara görə, Orbanın Moskva ilə yaxınlaşmasının “gərginliyi sakitləşdirmək” məqsədi daşıdığını və beləliklə Macarıstanın “Rusiya ilə dialoq qapısını açıq qoymaq istədiyini” bilmək olar. Görünən odur ki, digər AB liderlərindən fərqli olaraq Putinlə dialoqa üz tutan Orban böhranla bağlı Aİ daxilində yeni yol xəritəsi çəkmək və Avropa siyasətində iz buraxmaq niyyətindədir.

Onu da qeyd edək ki, NATO-nun Vaşinqtonda keçirilən Zirvə toplantısından daha əvvəl Macarıstanın Aİ-nin sədri kimi Rusiya ilə dialoqa diqqət yetirməsi və böhrandan çıxış yolu axtarması transatlantik münasibətlərdə uzun perspektivli problemlər yarada bilər. Yeri gəlmişkən, Avropa birliyinə sədrlik edən Orban ilk bəyanatında Donald Trampın “Amerika” üçün istifadə etdiyi şüarı “AB” üçün uyğunlaşdıraraq “Avropanı Yenidən Möhtəşəm Et” çağırışı etmişdi. Bütün bu amillər Orbanın milliytətçi gücləri arxasına alaraq Avropa siyasətində yeni cığırlar açacağını göstərir.

Aİ siyasətinə yeni istiqamət vermək istəyən Macarıstan Ukrayna böhranını həll edə bilsə ABŞ-ın təsirini Avropadan uzaqlaşdıra bilər. Həm Macarıstan, həm də Rusiya əslində Trampın ABŞ prezident seçkiləri nəticəsində vəzifəyə gələcəyinə və Putinlə yeni dialoq nəticəsində Ukraynadakı müharibəyə həll yolunun tapılacağına ümid edə bilər. Bununla belə, 2024-cü ilin sonuna qədər Aİ-nin ABŞ-la münasibətlərində böyük bir qırılma gözlənilmir. Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukraynada ədalətli və davamlı sülhə gedən yol Aİ daxilində birlik və qətiyyətdən keçir. Amma görünən odur ki, Ukraynadakı sülhü hamı arzulasa da, sülhlə bağlı planlarda mühüm fikir ayrılıqları var.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə