Makronun Ukrayna məsələsində iddiaları: dəqiqliyi və nəticələri - TƏHLİL

Fransa prezidenti Emmanuel Makronun tez-tez iddialı açıqlamalarla gündəmə gəldiyi məlumdur. Yaxın günlərdə Rusiya-Ukrayna cəbhəsinə qoşun yeridilməsi ehtimalından danışan Makronun fikirləri birmənalı qarşılanmayıb. Lazım gələrsə, “Quru əməliyyatı təşkil edə bilərik” deyən Makronun nə qədər ciddi olduğunu və bu müdaxilənin nəticələrini gözdən keçirdikdə bir çox mühüm məqamla qarşılaşa bilərik. Qeyd edək ki, daha əvvəl Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı da iddia edilirdi.

"Mən bunu arzulamıram və təşəbbüskarı da olmayacağam, amma ola bilsin ki, Rusiya qüvvələrinə qarşı çıxmaq üçün, quru əməliyyatı təşkil etməli ola bilərik", - deyə, Fransa lideri bildirib və "Fransa buna qadirdir" fikrini əlavə edib.

Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca, Fransanın bu münaqişədə iştirakı potensial ssenariyə çevrilir. Fransanın belə bir münaqişəyə qarışması həm regional, həm də beynəlxalq miqyasda ciddi nəticələrə səbəb olacağı təxmin edilir. Bu mümkün ssenarinin nəticələrini fərqli perspektivdən qiymətləndirə bilərik. Fransanın Ukrayna-Rusiya münaqişəsinə qarışması münaqişənin genişlənmə riskini artıracağı dəqiqdir. Bu, münaqişənin təkcə regional deyil, həm də beynəlxalq miqyas almasına gətirib çıxaracaq. Bu, regionda qeyri-sabitliyi artıra, beynəlxalq sülh və təhlükəsizliyi uzunmüddətli poza bilər. Səbəb-nəticə əlaqəsi qurarsaq Fransanın bu münaqişəyə qatılaraq özünün Avropa və NATO, Aİ kimi qurumlardakı nüfuzunu artırmaq istədiyini deyə bilərik. Bu səbəbdən Polşa, Almaniya kimi dövlətlər bu mövzudaki narahatlıqlarını ifadə edir və tez-tez hədəfin Rusiya deyil Ukraynanın özünü müdafiəsinin olduğunu vurğulayır.

Fransa prezidenti Emmanuel Makron Rusiyanın həm siyasi müstəvidə, həm də döyüş meydanında Ukraynaya qarşı daha aqressivləşdiyini bildirib və əlavə edib: “Biz Rusiyanın məğlubiyyətinin Avropada təhlükəsizlik və sabitlik üçün zəruri olduğuna inanırıq və deyirik ki, Ukraynaya qoşun yeridilməsi məsələsi gözardı edilə bilməz”.

Rusiya tərəfindən verilən cavablara gəlincə, Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq. Artyom Studnikov əlavə edib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq.

Fransa və Rusiya kimi böyük güclər arasındakı toqquşmanın nəticələri dünya siyasətinə və geosiyasətinə dərindən təsir edəcəyi bəllidir. Belə ki, hər iki ölkə hərbi cəhətdən güclü, tarixi və mədəni baxımdan zəngin və beynəlxalq arenada mühüm aktorlardır. Qarşılıqlı ehtiyatlanma vəziyyətinin mövcud olduğu iki ölkənin böyük itkilər verə biləcəyi müharibəyə girmək riski hələlik uzaq görünsə də qarışıq siyasi gedişlərin nəticəsi hər şeyi dəyişdirə bilər. Belə vəziyyətdə potensial müharibənin nəticələrini müəyyən etməkdən daha önəmli olan mövzu diplomatiyanın sülh və dialoq yolu ilə münaqişənin qarşısını alıb-ala bilməyəcəyidir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə