Çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən maraqla qarşılanır. Mərkəzi və Şərqi Avropa, ümumiyyətlə, bütün dünya ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 20 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dünyanın diqqətindən kənarda qalmadı.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.
"COP29 ÇƏRÇİVƏSİNDƏ İQLİMLƏ BAĞLI BİRGƏ MƏQSƏDLƏRİMİZİN İRƏLİLƏDİLMƏSİNİ ARZULAYIRIQ"
Azərbaycan Prezidenti İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə dünya ölkələrinin prezidentləri tərəfindən ünvanlanan təbrik məktubları fikirlərimizi təsdiqləyir. "Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm". Bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan təbrikdə qeyd olunub: "Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz, həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyati əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk. Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir". Bildiyimiz kimi, Azərbaycan COP29-a ev sahibliyi edəcəkdir. "Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq" – qeyd edən ABŞ-ın prezidenti təbrikində bildirib ki, Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiq edir: "Biz Azərbaycanın və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayır və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq".
İKİ ÖLKƏ ARASINDA SİYASİ ETİMAD MÖHKƏMLƏNİR
Bu gün Prezident İlham Əliyevə ünvanlanan təbriklər sırasında Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrik məktubu da maraq doğurur. Məktubda həmçinin Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olması xüsusi vurğulanır: "Sizə və Sizin simanızda dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Hazırda Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində dinamik inkişaf tendensiyası müşahidə olunur. İki ölkə arasında siyasi etimad möhkəmlənir, "Bir kəmər, bir yol"un birgə tikintisi çərçivəsində əməkdaşlıq dərinləşir və beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyət həyata keçirilir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına yüksək diqqət yetirirəm və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə dərinləşdirilməsi və ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram".
"BAKI İLƏ MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİRİK"
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. "Azərbaycan sosial-iqtisadi inkişaf istiqamətində hamı tərəfindən qəbul edilən uğurlar qazanıb, dünya arenasında layiqli nüfuza malikdir və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal iştirak edir. Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, gələcəkdə də bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini planlı şəkildə artırmağa birgə davam edəcəyik. Bu, şübhəsiz ki, dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir". Bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanlanan təbrikdə qeyd olunub.
Qeyd edək ki, Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.
İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATI AZƏRBAYCAN İLƏ SIX ƏLAQƏLƏRİNİ YÜKSƏK DƏYƏRLƏNDİRİR
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha tərəfindən ünvanlanan təbrikdə isə belə deyilir: "Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzu edirəm. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək dəyərləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir. Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram".
GÜRCÜSTAN VƏ AZƏRBAYCAN RESPUBLİKASI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ DƏRİN, UZUN ƏSRLİK DOSTLUQ ƏNƏNƏSİNƏ ƏSASLANIR
Təbii ki, iqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə Gürcüstan hökuməti adından və öz adından təbrikini ünvanlayıb. "Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir. Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı ifadə edir, qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və nailiyyətlər diləyirəm" – deyə bildirib.
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən, İspaniyanın Kralı VI Felipedən və başqalarından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May Müstəqillik Günü münasibətilə ünvanlanan təbriklərdə ölkəmizə, xalqımıza sülh, inkişaf və rifah dolu arzular dilənib. Bu Azərbaycana dost, tərəfdaş olan dövlətlərin münasibətinin təzahürüdür. Təbrik məktublarından da göründüyü kimi, Azərbaycanın dünya ölkələri arasında müxtəlif sahələrdə birgə fəaliyyət, sürətlə inkişaf edən münasibətlər mövcuddur.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB