“Bolqarıstan Azərbaycana dost ölkələrdir. İki dövlət arasında münasibətlər müstəqilliyimizin ilk illərinə təsadüf edir, diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulub. 1999-cu ildə dekabr ayında isə Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdə Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. Hazırda Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Dövlətlərimiz arasında uzun illər ərzində baş tutan görüşlər zamanı ikitərəfli və siyasi əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və bu sahədə ATƏT-in fəaliyyətinin daha da intensivləşdirilməsi, NATO, Aİ-yə dair məsələlər, ticari-iqtisadi komisya və elmi-texniki komissiyanın fəaliyyəti barədə məsələlər, beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlıq, parlamentlərarası əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, 2015-ci ildən strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr sürətlə və uğurla inkişaf edib: “İndiyənədək ölkələrimiz arasında 65 sənəd imzalanıb. Aparılan fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Təkcə 2024-cü ilin birinci rübündə iki ölkə arasında qarşılıqlı ticarət təxminən 4 dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, Azərbaycanın Bolqarıstana ixracı isə 4 dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib. Ölkələr arasında olan əməkdaşlıq ənənəvi ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır. Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvinninq layihəsində birgə iştirak edib və bu, bizim müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir. Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir. Səfər çərçivəsində hər iki ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə ölkə başçıları “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin mərasimdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” imzalanıb. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd edək ki, 2024-cü ildə Azərbaycandan Bolqarıstana ixrac ediləcək qazın həcminin bu ölkənin illik sərfiyyatının 55%-ni keçəcəyi gözlənilir. Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB