"Azərbaycanda heç bir vətəndaş əsassız ittihama məruz qalmır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda vicdan məhbusu və siyasi məhbus yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və heç kəsin peşəsi onun hüquq qarşısında üstünlüyü demək deyil: "Çünki hüquq bütün vətəndaşlara peşəsindən, sosial mənsubiyyətindən, yaşından asılı olmayaraq bərabər şəkildə tətbiq edilir. Əgər Qubad İbadoğlu Azərbaycan qanunlarını pozubsa, Azərbaycanın müvafiq hüquqi qurumları onun haqqında müəyyən istintaq hərəkatlarına başlayıbsa, bunun mütləq əsası vardır. Çünki heç bir vətəndaş Azərbaycanda əsassız olaraq heç bir ittihama məruz qalmır. Nəzərə almaq lazımdır ki, Qərb ölkələri Qərb dəyərləri adlandırılan universal dəyərlərə özlərində sadiqdirlər. Amma bu dəyərlər onların hər hansı təhlükəsizliyini təhdid edərkən dərhal ona qarşı mübarizə aparırlar. Kollektiv Qərb bu dəyərləri digər milli dövlətlərə qarşı silah kimi istifadə edir, milli dövlətlərin təhlükəsizliyini təhdid edir, Azərbaycana münasibətdə də belədir".

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarını müxtəlif vasitələrlə öz imperialist siyasətinin toruna salaraq onları Azərbaycana qarşı alətə çevirirlər: "Onlar Azərbaycanın təhlükəsizliyini təhdid edən hərəkətlər edirlər. Belə olanda ideoloji təhlükəsizliyimizlə bağlı risklər yaranır və dərhal Azərbaycanın hüquq sistemi həmin şəxslərə qarşı mübarizə aparır. Bundan sonra Qərbin "ənənəvi hüquq nəğmələri" başlayır ki, insan hüquqları pozuldu, kimsə vicdan məhbusudur, digəri siyasi məhbusdur və sair. Amma kim nə deyir desin, Azərbaycan öz təhlükəsizliyini təmin etməkdə qərarlıdır. Onun istər ideoloji, istər informasiya, istərsə də fiziki təhlükəsizliyini təhdid edən hansısa risklər varsa, ona qarşı qətiyyətlə mübarizə aparacaq. Azərbaycan imkan verməyəcək ki, xalqımızın iradəsindən kənarda Fətullah Gülənlərin, digər terrorçu qrupların, Qərbin imperialist maşınına xidmət edənlərin Azərbaycanda şəbəkəsi yaradılsın və bu şəbəkələr nəticə etibarilə Azərbaycanı zəiflətməklə, gücsüzləşdirməklə ermənilər, düşmənlərimiz qarşısında aciz vəziyyətə salsın. Azərbaycan əsla buna yol verməyəcəkdir. Buna görə də Qərb nə deyir desin, Azərbaycanın hüquqi dövləti milli təhlükəsizliyimizlə bağlı bütün addımları qətiyyətlə atacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə