"Fransa Ermənistandan istifadə edərək bölgəmizdə hegemonluq etməyə çalışır" - ŞƏRH EDİLDİ

"Fransanın yeganə niyyəti Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasətinə birbaşa zərbə vurmaqdır. Eyni zamanda, Fransa Ermənistandan vasitə kimi istifadə edərək bölgəmizdə hegemonluq etməyə çalışır və baş verən proseslərə açıq-aşkar müdaxilə etmək istəyir. Ermənistanı yeni müharibəyə sürükləyərək Cənubi Qafqazda uzunmüddətli münaqişə dövrünü yaratmağa çalışır. Əlbəttə ki, bütün bunlar göz qabağındadır". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son dövrlərdə Fransa həm siyasi baxımdan, həm də vandal aktlarla Azərbaycanın mədəni irsinə qarşı mənəvi terror həyata keçirməklə öz qərəzli siyasətini ortaya qoyur: "Təbii ki, bu cür vandal aktların arxasında böyük ehtimalla Fransanın siyasi rəhbərliyinin də dayandığını iddia edirik. Çünki əgər bu cür hadisə baş verirsə, Fransanın hüquq mühafizə orqanları ciddi bir tədbir görmürsə, açıq şəkildə deyə bilərik ki, bunlar dövlət qurumlarının sifarişi ilə həyata keçirilib".

S.Kərimli sözlərinə davam edərək bildirib ki, burada məqsəd isə Azərbaycana bu yolla təzyiq etməkdir: "Ümumiyyətlə, Fransanın siyasi rəhbərliyi uzun müddətdir ki, Azərbaycana qarşı aşkar şəkildə düşmənçilik siyasəti həyata keçirir. Bununla da onlar Cənubi Qafqazda nələrəsə nail olmaq istəyirlər. Amma təəssüf ki, Fransa Azərbaycanın qətiyyətini, gücünü və istəyini düzgün hesablaya bilmir. Ona görə də bu cür riyakar addımlara əl atırlar. Amma reallıq bir başqadır. Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı reallıqlarla bütün dünya barışmalıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə