“Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır” - ŞƏRH EDİLDİ
“Azərbaycanla Türkiyənin münasibətləri hər baxımdan böyük önəm kəsb edir. Məlumdur ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. 1991-ci ilin noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci ilin yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr qurulub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Türkiyənin ölkəmizdəki səfirliyi, o cümlədən Naxçıvan şəhərindəki Baş Konsulluğu 1992-ci ilin yanvarında yaradılıb: “Azərbaycanın Türkiyədəki səfirliyi isə 1992-ci ilin avqust ayından fəaliyyətə başlayıb. 1993-cü ildə Azərbaycanın İstanbulda Baş Konsulluğu, 2004-cü ildə Qarsda Baş Konsulluğu açılıb.
2010-cu il iyulun 15-dən Türkiyənin Gəncədə Baş Konsulluğu da fəaliyyət göstərir.
Bu gün tam məsuliyyəti ilə demək olar ki, iki dövlətin uzlaşa bilmədiyi, razılıq əldə etmədiyi məsələ yoxdur. Azərbaycan və Türkiyənin maraqlarının uyğun olması, ən önəmlisi isə hər iki dövlətin vətəndaşlarının böyük hissəsinin eyni etnik qrupa sahib olması, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr iki qardaş ölkənin bir mövqedən çıxış etməyə, bir-birilə sıx əlaqələr qurmağa vadar edir. Buna görə də xalqımız dövlət müstəqilliyin bərpa etdikdən sonra ona siyasi, iqtisadi, hərbi sahədə ilk güclü dəstəyi Türkiyə verdi. Azərbaycanın dövlət müstəqilliyini ilk Türkiyənin tanıması, ölkəmizdə səfirliyini açan ilk ölkənin Türkiyə olması bunun ən bariz nümunəsidir. Müasir Azərbaycan dövlətinin sələfi olan Azərbaycan Demokratik Respublikasının da formalaşmasında, Bakının dövlətimizin paytaxtı olmasında Türkiyənin əvəzsiz yardımları olub, türklər burada yüzlərlə şəhid verib. Həmçinin Naxçıvanın Azərbaycanın ərazisi kimi qalmasında da Türkiyənin tutduğu mövqenin önəmi böyük olub.
Azərbaycan da öz növbəsində Türkiyənin çətin vaxtlarında öz imkanları daxilində köməyini əsirgəməyib. XX əsrin əvvəlində Türkiyənin bir hissəsi işğal ediləndə Azərbaycandan bir neçə min insan torpaqların işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə iştirak edib, onlardan təxminən 3 min nəfəri şəhid olub. Bundan başqa aparılan döyüşlər zamanı Türkiyə çətin maliyyə vəziyyəti ilə üzləşdikdə Nəriman Nərimanovun qərarı ilə qardaş ölkəyə 500 kq qızıl, 100 min puddan çox neft göndərilib. İki ölkə arasında rəsmi münasibətlər Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də mövcud idi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə bu əlaqələr daha da inkişaf etdi və yeni müstəviyə keçdi. Hazırda Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan əsas region dövlətidir.
Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir.
Bu gün Türkiyə və Azərbaycan xalqlarının bir yumruq kimi həmrəy olması, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bəli, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB