"Ermənistan hələ də terroru və separatçılığı himayə etməkdən əl çəkmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan hələ də terroru və separatçılığı himayə etməkdən əl çəkmir" - MÜNASİBƏT BİLDİRİLDİ

Ermənilər Qarabağda sökülən tikililərə siyasi don geyindirməyə çalışırlar. Onlar işğal dövründə qanunsuz şəkildə tikilən və terrorçu dəstələrin simvollarını daşıyan binaların sökülməsinə etiraz edirlər.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib ki, Ermənistanın söylədiklərinin heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur: “İlk növbədə ona görə ki, Qarabağ əzəli Azərbaycan torpağı olub, indi də Azərbaycan torpağıdır, bundan sonra da olacaq. Ermənilərin orada işğal dövründə inşa etdikləri qanunsuzdur. Çünki bütün dünya həmin əraziləri Azərbaycan torpağı olaraq tanıyıb. Hansı tikililər işğal dövründə tikilibsə, onların sökülməsi beynəlxalq konvensiyalara tamamilə uyğundur”.

Millət vəkili bildirib ki, Azərbaycan dövlətinin öz ərazisində işğal dövründə quraşdırılmış erməni terror və separatçı ünsürlərə aid rəmzləri dağıtması, həmin binaları sökməsi beynəlxalq hüquq baxımından tamamilə əsaslıdır: “Ermənistanın belə fikirləri bir daha göstərir ki, bu ölkə hələ də terroru və separatçılığı himayə etməkdən əl çəkmir. Ermənistan təsdiq edir ki, terrorçuluq onun siyasətinə çevrilib. Azərbaycan dövlətinin etdikləri tamamilə doğrudur. Bu davranışlar milli qanunvericiliyimizə uyğundur. Azərbaycan ərazisində terroru təbliğ edən heç bir rəmz saxlanıla bilməz”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə