"Avropa Parlamentinin qətnaməsi zibilə atılacaq kağız parçasıdır" - HULUSİ KILIÇ

“Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyirəm. Bu qətnamə zibilə atılacaq bir kağız parçasıdır”. Bu barədə SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti bu günə qədər 30 il erməni işğalı altında qalan Qarabağ torpaqlarına görə Ermənistana qarşı sanksiya mahiyyətində heç bir qətnamə qəbul etmədiyi halda, öz torpaqlarını azad edən Azərbaycana qarşı sanksiya tətbiq edilməsini istəməsi haqsızlıq və qərəzdir: “Bu növ gülünc və məntiqsiz qərarlar Avropa Parlamentinin imicinə zərər vurur. Avropa Parlamenti millət vəkillərinin bəzilərindən rəylərini pul qaşılığında satdığını bilirik, bu sirr deyil. Azərbaycan qaz sazişinin təxirə salınmasını istəyən parlament məlumatsızlığını ortaya qoyur. Belə ki, 2 il əvvəl Bakıya gələn Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen qaz almaq üçün etdiyi xahişini, hətta türk dövlətləri ilə əlaqələrin qurulmasında Azərbaycandan kömək istədiyini də xatırlayırıq. Azərbaycan 6 Aİ üzvünə hələ də qaz verir, Balkanların enerji təhlükəsizliyinə dəstək olur”.

H.Kılıç bildirib ki, Qafqazda müharibə istəyən bir parlamentin bu davranışı əxlaqsızdır: “Regionda sabitliyi pozan qərar qəbul etməsi Avropa Parlamentinin necə formalaşdığını bizə göstərir. Avropa Parlamenti Qafqazda yeni bir reallıq olduğunu unudur, hətta üzvlərin çoxu bölgənin harada olduğunu belə bilmir. Avropa Parlamenti bunu bilsin ki, Qafqazda bir reallıq var. Bu reallıq odur ki, Azərbaycan işğal altındakı torpaqlarını işğaldan azad edib. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini özü həyata keçirərək ədaləti bərpa edib. Həmsədrlərin 28 il gəlib-gedərək etmədiyini Azərbaycan özü həyata keçirib. Avropa Parlamenti onu da bilsin ki, Azərbaycanın çox güclü qardaşı var. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə