"AŞPA erməni lobbisinin əlində bir alətə çevrilib" - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Təəssüflə qeyd etmək lazımdır ki, AŞPA artıq erməni lobbisinin əlində bir alətə çevrilib. Bu alətdən Azərbaycana qarşı istifadə edilməsinə ciddi cəhd göstərirlər. Əsas məqsəd Azərbaycana təzyiqi gücləndirmək, Ermənistana dəstək vermək və onu dövlətimizə qarşı yeni təxribatlara sövq etməkdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

"Görünən odur ki, Qərbin müəyyən dairələri və qurumları öz təxribatlarından əl çəkmək niyyətində deyil. Onlar çalışırlar ki, təxribatlarını müxtəlif istiqamətlərdə davam etdirsinlər. Bu prosesdə də həm Ermənistan hökuməti, həm də Brüsseldə yaşayan Kaspar Karapetyan kimi erməni millətçiliyinin nümayəndələri fəal şəkildə iştirak edirlər".

Deputat sözlərinə davam edərək bildirib ki, Qərb dairələrinin əsas istəyi bölgədə gərginliyi artırmaq, iki ölkə arasında sülhün əldə olunmasına mane olmaq, Qərbin bölgəmizdə güclənməsini dəstəkləmək və Rusiyaya qarşı yeni bir cəbhənin açılmasına nail olmaqdır: "Ermənistanın bölgədə əmin-amanlığı pozmaq üçün bir alətə çevrilməsi dəfələrlə baş verib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə