Azərbaycanı hədələyirdin, mandatla qorxudurdun…
Çərşənbə günü Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda ilk dəfə president seçkiləri keçirildi. Populyarlığının zirvəsində olan İlham Əliyevin mandatı daha 7 il müddətinə uzadıldı. Xalq öz seçimini etməkdə kimsənin, xüsusən də qərblilərin məsləhətinə ehtiyacı duymadı. Özünün məsləhət bildiyi, sandıq başında seçdiyi, önəm verdiyi namizədi dəstəklədi, gələcəyə onunla gedəcəyini avropalılara anlatdı, başa saldı, qandırdı.
Bu arada qeyd edək ki, Bakının Qərblə münasibətləri müstəqil Azərbaycanın tarixində ən kəskin böhran mərhələsinə qədəm qoyub. Bu böhranın növbəti təzahürü Bakının Avropa Şurasından çıxması da ola bilər. Bəc bu olanlar nəyin təzahürüdür, kim münasibətlərə xələl gətirir, günahkar kimdir və vəziyyətdən çıxış yolu nədir? Əvvəla, qeyd edək ki, Azərbaycan Qərbin vassalı deyil və ölkəmiz ona görə Avropa Şurasına üzv olmadı ki, qərblilər bizə yuxarıdan aşağı baxsınlar, ya da bizə necə davranacağımızı, kiminlə hansı münasibətlər quracağımızı diktə etsinlər. 2001-ci ildə güman etmək olardı ki, Azərbaycanın yeni qoşulduğu Avropa Şurasındakı ölkələr eyni səviyyəli, bərabərhüquqlu və qərarları konsensus əsasında qəbul edən bir qurumun üzvləridir. Amma zaman keçdikcə məlum oldu ki, avropalılar fərqli düşünür, bizim kimi ölkələri ikinci, üçüncü kateqoriyaya daxil edir, səsimizi heçə sayırlar. Həqiqət isə birdir, Azərbaycan öz bildiyi doğru yolu seçdi, Avropanın yalanlarına uymadı, qərbli seleksiyaçıları, moşennik monitorinqçiləri, deyingən müşahidəçiləri, “köhnə palan içi sökən” parlamentariləri seçkilərə dəvət etmədi.
Yuxarıdakı sualın cavabının birbaşa ünvanını göstərmək olar. Çıxış yolu kimi AŞPA-nın konstruktiv mövqe tutması, ikili standartlardan uzaq durmasını və ermənipərəst mövqe tutmamasını göstərmək olar. Avropa Şurası üzv dövlətlərə niyə və nəyi diktə etməlidir? Əgər bu təşkilatda təmsil olunanlar eyni statuslardadırlarsa, ölkələrin çəkisi bir-birindən fərqlənmirsə burada kiminsə başqasına ideya dərsi keçməsinə, kimisə qandırmağa çalışmasına nə ad vermək olar? Azərbaycan Avropa Şurasında milli maraqları nəzərə almaqla ümumi dəyərlərə sayqı nümayiş etdirir. Bəs Avropa ölkələrinin təmsilçiləri necə, bu yanaşmaya adekvatdırlarmı, Azərbaycanın haqqını tanıyırlarmı?
Ermənilər Azərbaycan torpaqlarını 30 il işğal altında saxladılar, Avropa susdu. Qız -gəlinlərimizin namusunu ləkələdilər, görməzdən gəldi. Körpə uşaqlarımızı diri-diri doğradılar, dəmir borulara doldurub qaynaq vurdular, özünü karlığa vurdu. Qoca-cavan demədən min bir müsibətlə insanlarımızı vəhşicəsinə qətlə yetirdilər, qəbir evlərimizi darmadağın etdilər, məscidlərimizi dağıtdılar, milli və mənəvi dəyərlərimizi təhqir etdilər yenə oxşar münasibət. Xaçlılar susduqca ermənilər bir az da azğınlaşdılar. Bəli, bu canilər insan azadlığı, vicdan azadlığı, söz azadlığı pərdəsinə bürünərək ermənilərə qahmar çıxdılar. Bu gün Avropa ölkələri, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın zəfərini həzm edə bilmirlər. TÜRK dövlətlərinin dirçəlişinə xor baxırlar, bunu həzm edə bilmirlər və açıq-aşkar xəbislik nümayiş etdirirlər.
Azərbaycanda isə seçkilər başa çatdı, düşmən təxribatları heç bir nəticə vermədi. Azərbaycan dövləti tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda prezident seçkiləri keçirildi. Azərbaycanı qələbəyə aparan lider İlham Əliyevdən başqa daha 6 nəfər seçkilərə namizəd kimi qatıldılar. Onlara da ictimai televiziya və radioda, eləcə də qəzet səhifələrində pulsuz təbliğat imkanları yaradıldı.
Builki seçkilər müşahidəçiləri Azərbaycanda keçiriləcək seçkilərə dəvət almamış Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərdə misli görünməmiş böhran fonunda keçirilir. Bu, ötən ilin oktyabrında AŞPA-nın Cənubi Qafqazda nizamlanma ilə bağlı rəsmi Bakının Azərbaycan əleyhinə hesab etdiyi qətnamənin qəbulundan sonra baş verib. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı sonrakı qərar ehtirasları daha da alovlandırdı. “Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əgər Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, o zaman Azərbaycan tərəfi Avropa Şurasında və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq”, - İlham Əliyev ötən həftənin sonunda xəbərdarlıq edib.
AŞPA-dan başqa, ABŞ və Aİ öz müşahidəçiləri üçün dəvət almadılar, çünki hər ikisi Bakının Qarabağda yuva qurmuş separatçılara qarşı mübarizəsini qəbul etmirdilər. Nəticə etibarı ilə, builki seçkilərdə müşahidəçilərdən ibarət Qərb nümayəndə heyəti qısamüddətli missiyanın 280, ATƏT-in uzunmüddətli missiyasının isə 26 üzvü ilə təmsil olunur.
Belə, Azərbaycanda növbədənkənar president seçkiləri başa çatdı. Qələbə daha layiq olanın adına yazıldı. Azərbaycan xalqına 200 ildən sonra Zəfəri bəxş edən böyük dövlət adamı, Ali Baş Komandan, müzəffər sərkərdə İlham Əliyevin qələbəsi şəksiz idi. Xalq bu gün qələbəsini bayram edir. Avropa Şurası isə məyus oldu. Onlar ümid edirdilər ki, Azərbaycan seçiciləri onların oyununa gələcək və fərqli seçim edəcək. Amma olmadı. Belə yerdə məşhur bir ifadə işlədilir, nə oldu, Avropa Şurası?
Vəli VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB