7 fevral 2024-cü ildə baş tutacaq prezident seçkilərinə hazırlığın yüksək səviyyədə müxtəlif təşkilatların, qrupların fəallığı ilə aparılması onu deməyə əsas verir ki, xalq seçkilərə xüsusi önəm verir. Həm də proseslərin inkişafı, xüsusilə də seçicilərin yüksək səviyyədə aktivliyi onu deməyə əsas verir ki, seçki yüksək seçici fəallığı ilə keçiriləcək. Bununla da böyük və qüdrətli Azərbaycan müstəqillik tarixinə yeni və möhtəşəm seçki ənənəsini yazacaq. Belə bir şəraitdə dağıdıcı müxalifət sağlam rəqabətin əvəzinə təxribatlara üstünlük verir, destruktiv yol tuturlar. Hətta AXCP, Müsavat, Milli Şura kimi dağıdıcı qurumlar və onların liderləri seçkilərin boykot edilməsi barədə xarici qüvvələrin istəklərinə uyğun olaraq qərar qəbul ediblər. Söz yox ki, boykot qərarı siyasi acizliyin və məğlubiyyətin etirafıdır. Sadəcə, bunu boykot qərarı verən AXCP, Müsavat, Milli Şura başbilənləri özlərində cəsarət tapıb dilə gətirmirlər. Məntiq və rasionallıqdan məhrum olan dağıdıcı müxalif ünsürlər anormal boykot qərarını elan etməklə mənəvi məğlubiyyətləri dilə gətirmiş olurlar. Təbii ki, bu kimi ağılsız addımları ilə az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Söz yox ki, sıravi üzvlər hörmətsizliyi heç bir halda həzm etməyəcəklər, istefa verməklə boykot qərarı verən rəhbərliyə öz kəsgin etirazlarını nümayiş etdirmiş olacaqlar. Görünən hazırkı fakt ondan ibarətdir ki, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri boykot qərarı verməklə yanlışlığa yol verdiklərini anlayıblar. Bu səbəbdəndir ki, mövqelərindən imtina etməyə başlayıblar.
AXCP sədri: “Hər bir cəbhəçi seçkilərdə iştirak etməkdə azaddır”
Diqqətçəkən məqam ondan ibarətdir ki, AXCP sədri Əli Kərimli əvvəllər seçkilərin boykot edilməsini daha çox israr edirdisə, artıq bu yöndə narazıların sayının çox olmasından qorxuya düşdüyündən təkliflərini və iddialarını geri götürdüyünü bəyan edib. Bununla yanaşı, o, müxalifətçiliyi monopoliyaya almaq iddiasından da imtina etdiyini açıqlayıb. Deyib ki, hər bir cəbhəçi seçkilərdə iştirak etməkdə azaddır. Buyurun, ürəyiniz istədiyi kimi hərəkət edin: “Müxalifət olmaq istəyib, ola bilməyənlər də daha seçimlərində sərbəstdirlər. Müxalifətçilik üzərində monopoliyanı ləğv edirəm. Artıq bu ölkədə hər kəs müxalifətçi ola bilər. Artıq heç kim çəkinməsin. Nəhayət, sərbəst şəkildə müxalifətçiliklə məşğul olun. Bütün birləşmək və ya ayrılmaq istəyən müxalifətçilər, bloqçular və digərləri də artıq azaddırlar. Artıq birləşmək, ittifaq və siyasi birlik qurmaq üçün də icazə tələb olunmayacaq”.
Ə.Kərimli yazdığı statusu ilə təsdiq etdi ki, o və torolları aciz durumdadılar. Həm də Ə.Kərimli nümayiş etdirdi ki, cəmiyyətin onlara heç bir formada dəstək verməməsi, anormal çağırışlarını qətiyyətlə rədd etməsi fəaliyyətlərində ciddi əngəllər yaradıb. Lakin əməllərinə görə, xalqdan üzr istəməməsi təəccüb doğurur. Çünki bu məxluq bütün siyasi fəaliyyəti dövründə Azərbaycanın milli və dövlətçilik maraqlara qarşı düşmənçilik mövqeyində dayanıb. Bütün imkanları ilə çalışıb ki, ölkədəki mövcud ictimai sabitliyi pozmaqla cəmiyyətdə xaos və anarxiya yaratsın. Təbii ki, bu təxribatları qarşılığında xaricdəki anti-Azərbaycan şəbəkədən maliyyə vəsaitləri əldə edib. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Yəni dəfələrlə AXCP fəallarının Gürcüstan vasitəsi ilə Əli Kərimliyə pul gətirməyə cəhd etdikləri zaman Azərbaycan gömrük əməkdaşları tərəfindən saxlanılıblar. Sonradan istintaq materialları ilə sübuta yetirilib ki, qaçaqmalçılıq yolu ilə Ə.Kərimliyə gətirilən pullarla ölkədə qarşıdurmalar yaratmaq, təxribatlar törətmək planlaşdırılıb. İndi isə dövr dəyişdiyindən, xüsusilə də, anormal çağırışlarının nəticə vermədiyini və bunun fonunda xaricdən bir o qədər maliyyə vəsaitinin gəlmədiyini anlayan Ə.Kərimli təsiri altında saxladığı cəbhəçilərə sərbəstlik verir. Bundan sonra nələr yaşanacaq? Birincisi, dövlətçiyə bağlı müxalifətçilər seçkilərdə iştirak edəcəklər. İkincisi, AXCP daxilində fəal cəbhəçilər özlərinə yeni fraksiyalar yaradacaqlar. Üçüncüsü, trollar təxribat xarakterli statuslar paylaşmağa məcbur edilməyəcəklər. Söz yox ki, bu halların baş verməsi AXCP-nin sonunu gətirəcək. Çünki daxili xaos parçalanmaya gətirib çıxaracaq. Sosial şəbəkələrdə şər və böhtanların aradan qaldırılması isə xarici məkrli dairələrin AXCP-yə ayırdığı aylıq vəsaitin tamamilə kəsilməsi demək olacaq. Məhz gözlənilən fəlakəti göz altında aldığındandır ki, baş trol olmaq iddiasından hələ də imtina etməyən Fuad Qəhrəmanlını həyəcan təbili çalan status paylaşmağa məcbur edib. O yazdığı statusunda bildirib ki, cəbhəçilərin Əli Kərimlinin seçkilərdə hər kəsə azad seçim etmək və müxalifət üzərində monopoliyasını qaldırmaq barədə son qərarına münasibəti onu qane etməyib: “Əli bəyə bu gecikmiş qərara görə təşəkkür etməyə gərək yox. Bu qədər gecikmiş addımdan sonra bəs indiyə qədər itirilmiş fürsətlərin, imkanların hesabını kim verəcək? Əli bəy bu barədə niyə bir kəlmə də olsun danışmayıb?
Bir qədər sonra Ə.Kərimli daha bir açıqlama ilə çıxış edəcək: “AXCP adlı firmanı bağlayıram”
F.Qəhrəmanlı paylaşdığı statusunda pul dağarcığı hesab etdiyi Ə.Kərimlini qınamaqdan, ona qarşı ittihamlar irəli sürüb, təhqir etməkdən də çəkinmir. Bu hal təəccüb doğursa da, gözləniləndir. Çünki pul onun üçün Ə.Kərimlidən də şirindir: “Bir də Əli Kərimlinin müxalifət üzərində monopoliyasını qaldırmaqla bağlı qərarı yenə də tam deyil. Çünki orada bir çox məsələlər göstərilsə də, müxalifət liderliyi barədə bir kələmə də olsun heç nə deyilmir. Əli Kərimli bu yarımçıq qərarı ilə cəbhəçilərin inkişafına əngəl olur. Hamılıqla Əli Kərimlidən tələb etməliyik ki, yeni müxalif siyasi liderlər düzəltmək məsələsini öz paketinə daxil etsin və gecikmədən bu istiqamətdə addım atsın”.
Bir sözlə, yanlış və səhv siyasətin acı nəticəsi AXCP-ni çalxalandırmaqdadır. Yəqin ki, bundan sonra AXCP-nin mövcudluğu uzun çəkməyəcək. Yəni, bir qədər sonra Ə.Kərimli daha bir açıqlama ilə çıxış edəcək: “AXCP adlı firmanı bağlayıram”.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB