"Bu situasiyada ATƏT-in Minsk qrupu səmərəli bir vasitəçi ola bilməzdi" - MÖVQE BİLDİRİLDİ
"Sirr deyil ki, ATƏT-in Minsk Qrupu adlı fəaliyyəti 30 ilə yaxın davam etmiş struktur tarixdə daha çox fəaliyyətsizliyi ilə yadda qalıb. Minsk qrupu o zaman mövcud olan Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına töhfə vermək, vasitəçilik etmək məqsədilə yaradılmışdı. Lakin münaqişənin həlli prosesi ilə məşğul olsa da, heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Prezident İlham Əliyevin fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı da ifadə etdiyi kimi, “28 il ərzində Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı”". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərərmov deyib.
Deputat sözlərinə belə davam edib: "Bunun isə çox sadə səbəbi var idi, Minsk qrupuna həmsədrlik edən dövlətlər daha çox münaqişənin dondurulması, Azərbaycanın işğalla barışdırılmasına çalışırdılar. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq hüquqla tanınan torpaqlarının işğalda saxlanmasına, bununla bağlı hətta BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının, o cümlədən digər təsisatların qətnamə və bəyanatları olmasına baxmayaraq həmsədrlərdən heç biri Ermənistanı işğalçı adlandırmadı. Təbii ki, bu situasiyada ATƏT-in Minsk qrupu səmərəli bir vasitəçi ola bilməzdi və açığı son illər biz artıq nə Minsk qrupu, nə də həmsədrlərdən real fayda gözləmirdik.
Azərbaycanın öz gücü hesabına, cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında torpaqlarımızı işğaldan azad etməsindən sonra isə artıq Minsk qrupu həmsədrlərinin, xüsusən Fransanın əsl siması ortaya çıxdı. Bu bir daha göstərdi ki, Azərbaycan ATƏT-in müvafiq təsisatının vasitəçiliyi ilə özünün suveren haqlarını bərpa edə bilməzdi. Ona görə də Vətən müharibəsinin başa çatması ilə həmin təsisat da tarixin arxivinə getdi və onun müəyyən dövrlərdə “diriltmək” cəhdlərinin heç bir perspektivi və real əsasları yoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB