Alternativ hərbi xidmət olsunmu? - MÜNASİBƏT BİLDİRİLDİ

Alternativ hərbi xidmət olsunmu? - MÜNASİBƏT BİLDİRİLDİ

Milli Məclisdə alternativ hərbi xidmətlə bağlı təklif edilib. Təklifdə büdcəyə müəyyən məbləğin ödənilməsi müqabilində hərbi xidmət müddəti 2 və ya 6 a müddətində keçilməsinin mümkün ola biləcəyi qeyd olunub. SİA mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə və Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılovun fikirlərini öyrənib.

Aydın Mirzəzadə bildirib ki, bu təklif nə qanun layihəsidir, nə də ümumi deputatların fikridir: “Bu yalnızca bir deputatın fikridir. Hesab edirəm ki, Azərbaycanda alternativ hərbi xidmət vaxtı yetişməyib. Bu gün hər kəs hərbi xidmətini çəkməli, vətən borcunu ödəməlidir. Nə zamansa Azərbaycan üçün kənardan təhlükə olmazsa, hərbi toqquşma ehtimalı olmazsa o zaman bu barədə düşünmək olar. Amma bu gün hər kəsin hərbi xidmət çəkməsi mütləqdir”.

Fəxrəddin Cəbrayılovun sözlərinə görə, alternativ hərbi xidmət Türkiyədə mövcuddur: “Yəqin ki, Azərbaycan da o yerə gəlib çatacaq. Müharibəni biz qazandıq, torpaqlarımızı qaytardıq. Amma qərb dövlətləri çox üstümüzə düşüblər. Hələ diplomatik döyüşlər gedəcək. Ona görə də bu məsələlər həll olunmamış alternativ hərbi xidməti biz tətbiq edə bilmərik. Gələcəkdə qərb dövlətləri bizdən əl çəkəndən sonra bu həyata keçirilə bilər, amma indi vaxtı deyil”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə