"Azərbaycan COP29-la dünyanın nəzərini üzərinə çəkəcək" - MÖVQE BİLDİRİLDİ
"COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin həm regional, həm beynəlxalq müstəvidə mövqeyinin güclənməsinə gətirib çıxaracaq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi: "Regionda yeni bir siyasi nizam formalaşdı. Bu müstəvidə Azərbaycana qarşı qərbin müəyyən bəzi mərkəzləri tərəfindən siyasi təxribat və təzyiqlər həyata keçirilir. Azərbaycan belə mötəbər tədbiri keçirmək istiqamətində götürdüyü öhdəliklərlə tədbiri böyük müstəvidə həyata keçirə bilsə, əlbəttə ki, Azərbaycana qarşı böyük siyasi dəstəyin verilməsi ilə nəticələnər. COP29 BƏƏ-də keçiriləndən sonra dünya ölkələri və beynəlxalq təşkilatların diqqətindədir. Düşünürəm ki, Azərbaycan belə mötəbər tədbiri keçirməklə dünyanın nəzərini üzərinə çəkəcək və regionda necə sülhpərvər və sülhə töhfə verəcəyinin şahidi olacaq. Xəzər hövzəsində, Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən Azərbaycan olduğu üçün bu ölkəyə tam dəstək verilməsi istiqamətində fikirlər də formalaşacaq".
Onun sözlərinə görə, dünyada belə bir nizam formalaşır: "Hesab edirəm ki, bu nizamda Azərbaycan aktiv rol oynayacaq. Belə mötəbər tədbiri ölkəmizdə keçirməklə Azərbaycanın atacağı siyasi addımlara da dəstək veriləcək. Azərbaycanın addımları beynəlxalq hüquqa söykənib. Regionda yalnız siyasi-iqtisadi inteqrasiyanı özündə ehtiva edir. COP29-un da ölkəmizdə keçirilməsi ilə Azərbaycanın dünyada ekologiyaya verəcəyi töhfə bu təşkilatın daha da inkişaf etməsi ilə nəticələnəcək. Çünki Azərbaycanın Qoşulmama Hərəkatı kimi böyük təşkilata sədrliyi dövründə bu hərəkat dünyanın aparıcı təşkilatı səviyyəsinə gəldi. COP29 da dünyanın aparıcı təşkilatı kimi öz mövqeyini daha da gücləndirəcək. Azərbaycan həm özünə dəstəyi artıracaq, həm də bu təşkilatın inkişafına töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB