Azərbaycana münasibətdə ikili standartlara etiraz olaraq qəbul edilən qərar - ŞƏRH
Azərbaycanın müstəqil xarici siyasəti və dünya miqyasında qazandığı uğurlar bir sıra beynəlxalq strukturlar arasında düşmənçilik hissi doğurur. Bunlardan biri də “insan haqları” adı altında Azərbaycana təzyiq göstərmək, ölkəmizə böhtan atmaq qərarına gələn Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA - bundan sonra). AŞPA-nın insan haqlarının pozulması ilə bağlı şikayətləri diqqəti yayındırmaq məqsədi ilə edilir, əsas səbəblər isə Azərbaycanın guya “Laçın dəhlizindən azad və təhlükəsiz gediş-gəlişi təmin edə bilməməsi”dir.
Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, Azərbaycanın milli mentalitetinə və mənəviyyatına zidd olan “dəyərlərdən” imtina etməsi AŞPA-nın ölkəmizə qarşı nalayiq davranışına səbəb oldu.
Lakin Azərbaycan nümayəndə heyəti AŞPA-nı qabaqlayıb və təşkilatda qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaqla onu alçaldıcı vəziyyətə saldı.
Beləliklə, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də strukturun iclasında bəyanatla çıxış edib.
Nümayəndə heyətinin bəyanatında qeyd olunub ki, 2001-ci ildən 2020-ci ilə qədər on doqquz il ərzində AŞPA işğalçı dövlət Ermənistanı Avropa Şurasının əsas dəyərlərinə və prinsiplərinə zidd hərəkətlərinə görə cavabdehliyə çağıra bilməyib. Xüsusilə, söhbət etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarına açıq-aşkar etinasızlıqdan gedir.
İyirmi ilə yaxındır ki, Azərbaycan nümayəndə heyəti Ermənistanın işğalının ağır nəticələri ilə bağlı məsələ qaldıranda bizə deyirdilər ki, AŞPA münaqişələrlə bağlı məsələlərin müzakirəsi üçün uyğun format deyil. Amma indi həmin AŞPA və eyni deputatlar bunun tam əksini deyir və Azərbaycana hücum etmək üçün bir fürsəti də belə əldən vermirlər.
Bəyanatda bildirilir ki, beynəlxalq hüququn seçmə təfsiri və dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli münasibət bu biabırçı təklifin müəlliflərinin kinli və ikiüzlü xarakterini nümayiş etdirir.
Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi qələbəsindən, habelə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra respublikamızın əldə etdiyi nailiyyətlərinə kölgə salmaqla Azərbaycan şər qüvvələri tərəfindən mütəşəkkil qarayaxma kampaniyası ilə üzləşmişdir.
Təəssüf ki, AŞPA bəzi üzv dövlətlərə hücum platforması kimi istifadə olunur. AŞPA-nın əsas prinsiplərindən biridə müəyyən qərəzli qrupların öz dar maraqlarını təbliğ etmək üçün istifadə etməkdir. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür və şovinizm üstünlük təşkil edən praktikaya çevrilib.
Azərbaycan nümayəndə heyəti hesab edir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinə etiraz etmək təşəbbüsü bu çirkin kampaniyanın tərkib hissəsidir.
Azərbaycan parlamentarilərinin fikrincə, bu təşəbbüs Azərbaycanda gedən seçki prosesinə əsassız şəkildə müdaxilə etmək üçün məqsədyönlü və qəbuledilməz cəhddir və ölkədə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsidir.
Bəyanatda deyilir ki, nümayəndə heyətimizin səlahiyyətlərinin ratifikasiyasından təklif olunan imtina bütövlükdə Avropa Şurasının nüfuzuna və qərəzsizliyinə ciddi zərbə olacaq və onun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında vurğulanır ki, AŞPA tarixində heç vaxt özünü belə biabırçı aparmamışdı. AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti bildiriş gələnədək AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlir.
Sonda, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanatı oxuduqdan sonra iclas zalını tərk edib.
Bununla da Azərbaycan növbəti dəfə dünyaya göstərdi ki - “Dünyada heç kim, o cümlədən o zalda oturanlar da Azərbaycanla təhdid və şantaj dilində danışa bilməz.
Var olsun Azərbaycan dövləti, Var olsun Azərbaycan xalqı, Yaşasın Ali Baş komandan cənab İlham Əliyev!
İbrahim Allahverdiyev
YAP Yasamal rayon, SOCAR, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB