“Bu şoular Fransanı düşdüyü bataqlıqdan qurtarmır” - DEPUTAT AÇIQLADI

“Azərbaycan dövləti isə senatın bu qərəzli şousunu gülərək izləyir”

“Fransa Azərbaycana qarşı hər zamankı kimi qərəzli mövqedə çıxış etməkdə davam edir. Qərəzli qətnamənin müzakirəyə çıxarılması Fransanın hələ də reallıqlarla barışmamasının bariz göstəricisidir. Belə ki, “qətnamədə” Azərbaycanın Ermənistana hərbi hücüm etməsi nəticəsində, guya Ermənistanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilib. Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Düşünürəm ki, bu Qətnamə yalnız qərəzli bir “şou” göstərisindən ibarətdir. Yeni reallıqlarla dünya gündəmində olan və hərbi gücünü göstərən, iradəsini sərgiləyən Azərbaycan dövləti isə senatın bu qərəzli şousunu gülərək izləyir. Fransa senatının “qətnaməsi” Azərbaycan üçün heç bir siyasi əhəmiyyətə malik olmayan və heç bir siyasi nəticə doğurmayan bir kağız parçasıdır. Fransanın Qafqazda iflasa uğramasının bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Deputatı Aydın Hüseynzadə deyib.

Onun sözlərinə görə, Fransa gündəmə gəlmək üçün “bu kimi şoulardan” istifadə etsə də, artıq bu şoular Fransanı düşdüyü bataqlıqdan qurtarmır. Deputat onu da qeydib ki, əksinə öz reallıqlarını təmin edən Azərbaycan üçün bu şoular Fransanı dünyanın siyasi arenasından və Qafqazdan silinməsi deməkdir:“Kağız parçası olan bu qətnamənin Azərbaycana heç bir təsiri olmasa da, bu Fransanın anti-Azərbaycan siyasətinin nəticəsidir. Azərbaycan dövləti həmişəki kimi mövqeyini ortaya qoyur və adekvat cavab tədbirləri görür. Azərbaycan dövlətinin və dövlət başçısı İlham Əliyevin adekvat cavab tədbirləri nəticəsində Fransanın “şou”ları ifşalanır. Parisin 2023-cü il sentyabr ayında Azərbaycanın başlatdığı antiterror tədbirlərini hərbi təcavüz kimi qiymətləndirməsi, eyni zamanda bunu Ermənistanın ərazi bütövlüyünün pozulması kimi şərh edilməsi, ermənilərin Qarabağı tərk etməsinin etnik təmizləmə, humanitar faciə kimi əsassız və cəfəngiyatdan ibarət olan iddiaları Paris rəsmilərinin ermənilərdən daha çox erməni olduğunun sübutudur. Maraqlı olan məqamlardan biri ondan ibarətdir ki, Ermənistan rəsmiləri Qarabağdakı ermənilərin aqibətlərini heç düşünmədiyi və müzakirə etmədiyi halda, Fransa rəsmiləri bu kimi şoular ilə dünya gündəmində qalmağa çalışır. Çünki, Fransa rəsmilərinin özləri də dərk edir ki, qafqazın siyasi gündəmini Azərbaycan istiqamətləndirir. Azərbaycanı bu kimi təzyiq vasitələri ilə təsir altına almaq mümkün deyil. Fransa senatı daha əvvəl də bu kimi şou göstəriləri ilə özünü gündəmə gətirmək istəyində olub. Bundan əvvəl 2022- ci il noyabrında da Fransa senatı qərəzli qətnamə qəbul etmişdi. Hətta, başlığı belə idi: “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020- ci ilin atəşkəs razılaşmasına riayət edilməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş təşəbbüslərin tətbiq edilməsi”. Bu kimi kağız parçaları Fransa tərəfindən dəfələrlə qəbul edilib, lakin Azərbaycan öz iradəsini İlham Əliyevin siyasəti nəticəsində dünyaya diqtə etməkdədir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə