"Böyük qayıdış Azərbaycan dövlətinin öz hesabına həyata keçirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Böyük qayıdış Azərbaycan dövlətinin öz hesabına həyata keçirilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Erməni silahlı qüvvələri Azərbaycan ərazisini işğal etdikdən sonra işğal olunan bölgələrdə daşı daş üstündə qoymadılar". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Onun sözlərinə görə, o dövrdə istər Qarabağ, istərsə də digər rayonlarda Sovet dövründə böyük zavod, fabriklər, infrastruktur var idi: "Təxminən qeyri-rəsmi hesablamalara görə ermənilər işğal dövründə Azərbaycan dövlətinə 300-400 milyard civarında ziyan vurublar. Bu, müxtəlif sahələrdə özünü əks etdirib. İşğaldan azad olunduqdan sonra canlı şəkildə müşahidə etdik ki, orada əhalinin dinc yaşaması üçün şərait yoxdur. İşğaldan azad olunduqdan sonra qısa müddətdə prezident İlham Əliyevin rəhbərliyi altında ilk böyük islahat başladı. Hər bir rayonun coğrafi şəraitinə, relyefinə uyğun proyektlər təsdiqləndi. Hazırda da insanların rahat yaşaması üçün infrastruktur yaradılır. İstər səhiyyə, istərsə də təhsil sahəsində iş yerlərinin açılması üçün geniş işlər görülür. Bu işlər Azərbaycan dövlətinin öz hesabına həyata keçirilir. İşğaldan azad olduqdan sonra Azərbaycan dövləti azad edilmiş bölgələrimizə xarici səfirlikləri, beynəlxalq təşkilatları dəvət elədi ki, erməni işğalçılarının vurduğu zərəri onlara canlı göstərsin. Dövlət prosesləri təqdim etdi. Dövlət səviyyəsində işğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıtması üçün işlər aparılır. Zamanla bu köç həyata keçirilir".

Politoloq deyib ki, bu insanların birdən-birə geri qayıtması mümkün deyil. Çünki prezident də çıxışında dəfələrlə deyib ki, əhalinin geri qayıtması üçün rahat şərait yaradılmalıdır. Bu yaxınlarda prezident İlham Əliyev jurnalistlərə müsahibəsində də bunu xüsusi vurğuladı. Əhalinin geri qayıtması üçün bütün şərait yaradılıb. İnsanların o bölgələrdə daimi yaşaması üçün dövlət evlər tikib verəcək. Amma digər kommersiya işləri üçün, insanlar iş qurmaq istəyirsə, onlar üçün də şərait yaradılır. Bu gün oraya qoyulan bütün sərmayələr Azərbaycan dövlətinin öz hesabınadır. Hesab edirəm ki, qısa müddətdə sakinlər geri qayıdacaq. Azərbaycanın bütün bölgələrində abadlıq bərpa olunacaq. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm defakto, həm də öz suverenliyini bərpa etdi. Azərbaycan dövlətinin qarşısında duran ilk məsələlərdən biri erməni işğalında olan 8 kəndin geri qaytarılması və həmin kəndlərdə də infrastruktur yaratmaqdır. Qısa müddətdə Azərbaycan prezidentinin rəhbərliyi altında bütün bölgələrdə abadlıq işləri aparılacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə