"20 Yanvar hadisəsinin məqsədi müstəqillik tələb edən xalqı cəzalandırmaqdan idi" - TARİXÇİ BİLDİRDİ

"20 Yanvar hadisəsinin məqsədi müstəqillik tələb edən xalqı cəzalandırmaqdan idi" - TARİXÇİ BİLDİRDİ

“20 yanvar Azərbaycanın azadlığı uğrunda mübarizədə təəssüf ki, qanla yazılmış qəhrəmanlıq tarixidir. Bu qırğının həyata keçirilməsində məqsəd Azərbaycanın müstəqilliyinə mane olmaq, müstəqillik tələb edən xalqı cəzalandırmaqdan ibarət idi”. Bu barədə SİA-ya açıqlamasında tarixçi Boran Əziz deyib.

Onun sözlərinə görə, Sovet dövləti bu qırğını olduqca sərt, amansız formada həyata keçirməklə xalqımızı qorxutmaq istəyirdi: “İstər o dövrdə, istərsə də indi “Bu qırğın olmaya bilərdimi?” sualı insanların arasında həmişə dolaşır, əlbəttə mümkün olardı. Amma Azərbaycan xalqı sovet işğalı dönəmində, yəni 1920-ci ildən başlayaraq xalqımıza qarşı törətdiyi amansız repressiyaları, qırğınları tamamilə yaddan çıxarmalı, itirilmiş dövlətinin bərpasını tamamilə unutmalı idi. Bolşeviklər Azərbaycanın təkcə yeraltı sərvətlərini öz ölkələrinə daşımaqla kifayətlənməmişdilər. Ən əsası bu imperiya xalqımızın torpaqlarını öz ata-babalarının torpağı kimi qonşu xalqlara, bir hissəsini də özünə götürdü. Bu torpaqlar Azərbaycan xalqının razılığı olmadan, heç bir referendum keçirilmədən verilmişdi. Torpaqlarımız işğal olunmamışdan əvvəl 97.3 min kv kilometri mübahisəsiz olan 114 min kv kilometrlik ərazinin Qərbi Zəngəzur və Qazax istiqamətindən torpaqlar ermənilərə verildi, bir hissəsi Gürcüstana peşkəş edildi. Beləliklə bu qırğının olmaması üçün xalq itirilmiş bu torpaqlarla razı olmalı idi”.

B.Əziz bildirib ki, 1980-ci illərin sonlarından başlayaraq ermənilər öz himayədarlarına arxalanıb Azərbaycanın dugər torpaqlarını da Ermənistana birləşdirməyə cəhd göstərirdi: “Onların bu istəyi xalq tərəfindən ciddi narazılıqla qarşılanmışdı. Ermənistanda olan sonuncu azərbaycanlılar da qovuldu. Nəticədə insanların içərisində sovet rejiminə, bolşevik hakimiyyətinə nifrət hissi formalaşdı. Ona görə də 1989-cu il sentyabrın 23-də bütün SSRİ-də olan respublikaların içərisində ilk dəfə Azərbaycanın suverenliyi haqqında bəyannamə qəbul edildi. Bunun ardınca isə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilməlin idi. Artıq bundan sonra hər kəsə aydın idi ki, sovetlərin tərkibindən çıxmağa bir addım qalıb. O dövrdə SSRİ rəhbərliyi buna yol verməmək üçün xalqa qarşı belə qətliam törətdi. Bu əslində dinc, silahsız insanlara qarşı sovet ordusunun hazırladığı hərbi əməliyyat idi. Amma Moskva və bu işdə onlara yardım edən ermənilər tamamilə yanıldılar. Çünki bu qırğın onların fikirləşdiyi kimi Azərbaycan xalqı qorxmaq, yolundan dönmək, istiqlal uğrunda mübarizədən imtina etmək əvəzinə əksini etdi”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə