Ermənistanı çətin duruma sürükləyən BLEF - TƏHLİL

Ermənistanı çətin duruma sürükləyən BLEF - TƏHLİL

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan, bir neçə ay əvvəl Ermənistanda avtomobil istehsalına başlanıldığını söyləyəndə, bununla bağlı statistik göstəricilər barədə informasiyalar yayılanda, elə erməni cəmiyyəti özü buna şübhə ilə yanaşırdı, çünki belə “istehsal nağılları” barədə ermənilər özləri hamıdan çox eşitdikləri halda, bunların reallıqla üst-üstə düşdüyünün şahidi olmayıblar. Doğrudur, Ermənistanın iqtisadiyyat naziri avtomobil istehsalının təşkili barədə ilk dəfə danışırdı, amma son illərdə nəticəsi ortada olmayan istehsal barədə bu cür bəyanatları ermənilər ölkə hakimiyyətinin dilindən dəfələrlə eşidiblər, hətta Nikol Paşinyanın özünün belə onlardan birinin “şousunda” iştirak etdiyi qətiyyən yaddan çıxan deyil.

Hazırda elə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Ermənistanda avtomobillərin istehsalı sadəcə olaraq, sonda baş tutmayıbmış. Amma statiksik məlumatlar və ortada olan nəticələr sual yaradır ki, görəsən həqiqətən də belə bir istehsala başlanılıb, yoxsa yox? Sonuncu dəfə iqtisdiyyat naziri Kerobyan, Ermənistanda istehsal olunan “Sefu 1” avtomobilinin artıq dövlət qeydiyyatının olduğunu da söyləmişdi. Bu dəfə nazir öz fikirlərini daha əminliklə söyləyirdi və daha ciddi görünürdu. Rəsmi statistikada belə, avtomobil istehsalı haqqında məlumatlar sürətlə yayılırdı və bu da elə təsüvvür yaradırdı ki, guya istehsal artmaqdadır. Qeyd olunurdu ki, guya rəsmi statistikaya görə, bu ilin doqquz ayında Ermənistanda 114,9 milyon dram dəyərində avtomobil istehsal edilib. Amma indi ilin sonunda, bu yaxınlarda yayımlanan məlumatlara görə, on ay ərzində avtomobillərin istehsalı təxminən sıfır həddində imiş. Maraqlıdır, əvvəllər istehsal olunan da yox oldumu? Əgər doqquz ayda 114,9 milyon dram dəyərində avtomobil istehsal olunsaydı, o zaman indi sonda cəmi 29,5 milyon dramlıq istehsal edildiyini necə başa düşmək olar? Yəni, arada olan 85,4 milyon dram dəyərində istehsalın hara getdiyi sual doğurur. Qeyd olunan avtomobillər yox oldumu, yoxa çıxdımı? Hər halda çox müəmmalı bir durum barədə düşünməyə əsas yaranır və bu durum hər kəsdə ciddi şübhələr doğurur.

Hazırda ermənilər özləri belə qənaətdədirlər ki, bu avtomobillər ya istehsal olunmayıb və deyilənlər də yalan olub, ya da istehsal edildikdən sonra onlar necə isə, hansı yollasa “yox olub”. Həm də axı hər bir erməni belə görür ki, ölkələrində heç bir istehsal yoxdur. Haylar özləri də görürlər ki, real vəziyyət istehsalın olması anlamına gəlmir. Onu da bilirlər ki, istehsaldan söhbət belə gedə bilməz, çünki xaricdən detalları gətirib, haradasa bir-birinə yapışdırmaq, calamaq avtomobil istehsal etmək demək deyil. Amma Kerobyan kimi bir nazir iddia edirdi ki, Ermənistanda avtomobil istehsal edilir. Belə yalan informasiyalar, ictimaiyyəti aldatmaq üçün həqiqətə uyğun olmayan məlumatların yayılması Ermənistan üçün elə bir adi hal hesab olunur və istənilən sahədə belə yalanlara asanlıqla əl atılır. İndi də iqtisadi sahədə yalan-palan danışıldığı ortaya çıxır. Sual olunur ki, axı nəyə görə belə yalana əl atılır və məhz iqtisadi sahədə bu yalan kimin nəyinə lazım idi?

Bu vaxta qədər istehsalla bağlı erməni cəmiyyətinə çoxlu “nağıllar” danışılıb. Dəfələrlə erməniləri müxtəlif məhsulların istehsalına başlanıldığı barədə aldadıblar və bir növ belə aldadılmalara haylar öyrəncəli olublar. Görünür elə buna görə də rahatlıqla, hansısa məhsulun istehsalı barədə “nağılları” hakimiyyət nemayəndələri çox rahatlıqla danışa bilirlər. Eynən avtomobil istehsalı barədə danışılanlar, verilən bəyanatlar da belə yalanlardan biri imiş. Bu barədə nümunələr hələ çoxdur və görünür, erməniləri televizor istehsal edəcəkləri ilə bir vaxtlar aldadanlar indi də rahatlıqla avtomobil istehsal edildiyi barədə aldadacaqlarına əmin imişlər. Amma maraqlıdır ki, televizor istehsalının yalan oduğu ortaya çıxandan sonra Ermənistanda avtomobil istehsal edilməyə başlanıldığına, erməni avtomobillərinin istehsalına başlanıldığına erməni cəmiyyətini inandıracaqlarını necə ağıllarına sığışdırıblar? Özü də axı qısa bir zamandan sonra avtomobil istehsalının da taleyi elə erməni televizorlarının taleyi kimi olacağını bilə-bilə bunu necə edirlər və necə belə yalana əl atırlar? Belə yalanlara əl atmaqda məqsəd nə ola bilər axı? Həqiqətən də suallar çox maraqlı və düşündürücüdür.

Televizorların istehsalı ilə bağlı ermənilərin necə ümidləndirildiyini yaxşı xatırlayırıq. Böyük investisiyaların məhz Ermənistana gətirildiyi deyilirdi və elə bir səs-küy qoparılmışdı ki, elə bil bundan sonra bütün dünyanı televizorlarla yalnız Ermənistan təmin edəcəkmiş. Yəni investisiya bumu kimi təqdim etdikləri həmin o televizor istehsalı, elə bil ki, elə başladığı zaman da dayandırıldı. Ən azından belə göründü. Belə göründü ki, 2018-ci il Parlament seçkiləri ilə “erməni televizorlarının” istehsalına son qoyuldu. Maraqlıdır, bəs o investisiyalar necə oldu və hara yönəldildi? Başlanılan istehsalın taleyi necə oldu? Bu barədə ümumiyyətlə, niyə danışılmadı da? İstehsalı dayandırmaq bir tərəfə, bunun barəsində düşünməyi, danışmağı, xatırlamağı da ermənilər dayandırdılarmı?

Xatırladığımız kimi, bu sadalananların ardınca da Ermənistanda guya fars avtomobillərinin istehsalına başlanıldığı deyilirdi. Yəni, bu dəfə növbədə fars avtomobillərinin istehsalı ilə bağlı bəyan edilməsilə əlaqədər məlumatların dövriyyəyə buraxılması imiş. Bununla da, bu yalanlarla da kifayətlənmədən, guya Koreya avtobuslarının istehsalı barədə Ermənistan ictimaiyyətində xəbərlər yaymağa başladılar. Məsələ burasındadır ki, erməni cəmiyyəti nə Fars avtomobillərinin, nə də Koreya avtobuslarının istehsalını görə bilmədi. Heç birinin istehsalının şahidi olan olmadı. Baxmayaraq ki, Ermənistan hökuməti tərəfindən Koreya avtobuslarının istehsalı üçün pul, vəsait ayrıldığı barədə də məlumatlar yayılmışdı və heç bir istehsalın olmadığı da sonradan ortaya çıxdı. Maraqlıdır, tutaq ki, plan beləcə hansısa səbəbdən uğursuz oldu. Bəs onda Ermənistan hökumətinin ayırdığı puların, vəsaitlərin taleyi necə oldu? Hara getdi o vəsaitlər? Bunlara bir cavab vermək fikrində olan da yoxdurmu? Ümumiyyətlə, bütün bunlar nədən ötrü idi və uydurmalar, yalanlar nəyə hesablanmışdı axı?

Bu vaxta qədər istehsalla bağlı deyilənlərin mənasız, yaxud da yalan olmasının fonunda bu il guya avtomobil istehsal edildiyi ilə bağlı yenə də Ermənistan ictimaiyyətinə informasiya verildi və hətta doqquz ayın yekununda istehsal olunan avtomobillər barədə statistik göstəricilər də təqdim olundu. Sonra da bu statistik göstəricilərin reallıqla üst-üstə düşmədiyi ortaya çıxdı və hər ay bu göstəricilərin artmasının əksi müşahidə olunmalı oldu. Daha bir sual diqqəti cəlb edir ki, görəsən, bundan əvvəlki istehsalla bağlı hansı göstəricilər, hansı dırnaqarası “nailiyyətlər” var idi ki, bu dəfə Ermənistanda avtomobillərin istehsal edilməsi, yaxud da yığılması üçün növbəti təşəbbüslə çıxış etmək üçün iqtisadiyyat naziri Vaan Kerobyan ruhlanaraq belə pafosla danışmalı olmuşdu? Niyə belə yalanlara əl atılır, ümumiyyətlə, iqtisadi sahədə hansısa işlərin görüldüyü görüntüsü yaratmaq niyyəti nədəndir? Axı bu görüntünü yaratmaqla heç bir nəticə hasil etmək, nəyə isə də ümid etmək olmaz. Bununla yalnız qısa bir zaman kəsiyində ictimaiyyəti, bir də özlərini aldada bilərlər.

Hər dəfə istehsal olunmayan, istifadəyə verilməyən məhsulların istehsalı, hətta istehsal həcmi barədə statistik məlumatları yayanlar ilk növbədə əlbəttə ki, özlərini aldadırlar. Ola bilsin ki, “misli görünməmiş” nailiyyətlər barədə danışmağı təbliğat, PR kimi başa düşən Ermənistan hakimiyyəti bununla doğru addım atdığı qənaətində ola bilər. Amma sual oluna bilər ki, hara qədər bunu edəcəklərini düşünürlər? Belə yalanlarla iqtisadi göstəricilərə ümid etmək olmaz axı. İstehsal barədə yalanlarla sadəcə olaraq, blef edildiyi bəlli olur. Bəlli olur ki, Ermənistan hakimiyyəti daxili auditoriyaya hesablanan oyunlarını davam etdirir. Bəlkə də vaxt qazanıldığı düşünülür. Bəlkə də Ermənistanın hazırki hakimiyyəti elə zənn edir ki, belə “nağıllarla” kütləni çaşdıra və yalanların hesabına hardasa onları sakitləşdirə bilər. Amma qazanılan bu vaxt, zaman onların öz əleyhinə işləyir. Blef etməklə, ölkənin iqtisadi vəziyyətini də çətin duruma sürükləmiş olurlar. Hər bir halda, çətin duruma Ermənistan hakimiyyəti özü də düşmüş olur, çünki heç bir istehsal olmadan, iqtisadiyyatdan danışmaq mümkün deyil və bunun da sonu daha böyük səfalət, daha acınacaqlı vəziyyət vəd edir.

Ermənistanda istehsal haqqında söhbət düşəndə hazırda ancaq danışılan yalanlar və vədlər göz önündə canlanır. İstehsal sahələri yaradılması görüntüsü ilə iqtisadiyyatının inkişaf etdiyini göstərmək istəyənlər, sonda heç bir haqla bunu əsaslandıra bilmirlər. Əvvəla ona görə ki, göz önündə konkret faktlar, eləcə də nəticələr yoxdur. İstehsal həcmi barədə yayılan statistik məlumatlar belə sonda yalan olaraq ortaya çıxır. Digər tərəfdən də axı hər kəsə bəllidir ki, Ermənistanda ərzaq istehsalı da, içkilərin istehsalı da, geyim istehsalı da, elektrik avadanlıqlarının istehsalı da, kompüter, elektron, optik avadanlıqlar istehsalı da nəinki azalıb, ümumiyyətlə, yox dərəcəsindədir. Həmin ölkədə istehsalı azalmayan məhsul yoxdur və ümumilikdə sənayenin istehsal həcminin tamamilə yox dərəcəsində olduğu sirr deyil. O zaman istehsal barədə nəyə görə yalandan informasiya yayırlar? Görüntü yaratmaqla, blef etməklə işlərini bitmişmi zənn edirlər?

Marginallaşmış vəziyyətdə olan, dalana dirənən bir ölkəni blef yox, real iqtisadi layihələr çətin vəziyyətdən çıxara bilər. Real layihələr işlənib hazırlanaraq istehsalı artırmaq olar, yalanla yox. İstehsal da öz növbəsində iqtisadiyyata öz töhfəsini vermiş olar. Qonşu ölkələrlə normal münasibətlər, iqtisadi əlaqələr yaratmaq lazım olduğu bir məqamda hiyləgərlik etməyə çalışmaq, yalana əl ataraq cəmiyyəti aldatmaq ən azından, şansın əldən verilməsi deməkdir. İndi blef etdiklərini və bununla da cəmiyyəti aldatdıqlarını düşünənlər çox dəyərli bir zaman itgisinə, nəticədə də çox böyük geriləməyə rəvac verdiklərini dərk etmiş olsalar, buna qətiyyən yol verməzlər. Görünür hələ də dərk etmirlər, yaxud da dərk etmək istəmirlər və blef etməyi doğru yol bilirlər ki, bu da nəticədə bütövlükdə Ermənistanı çətin duruma sürükləməkdə davam edir...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə