Ermənistana verilən TARİXİ ŞANS – TƏHLİL

Ermənistana verilən TARİXİ ŞANS – TƏHLİL

Regionda davamlı sülh və təhlükəsizliyin təminatı üçün Bakı və Ankaranın rolunu etiraf etməmək mümkün deyil. Cənubi Qafqazda uzunmüddətli sabitliyin və təhlükəsizliyin bərqərar edilməsində, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində hər iki ölkənin uğurlu birgə fəaliyyəti göz önündədir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri Cənubi Qafqazda bir çox məsələlərin həlli üçün böyük töhfə belə hesab oluna bilər. Ələlxüsus da region ölkələri arasında münasibətlərin normallaşdırılması baxımından bu səfərin olduqca böyük əhəmiyyət kəsb etdiyi qənaətinə gəlməkdə hər kəs haqlıdır. Uzunmüddətli sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində birgə müzakirələr bütövlükdə region ölkələri üçün böyük uğurlar vəd edir və rəsmi İrəvanın bu reallığı düzgün qiymətləndirəcəyi təqdirdə nikbin proqnozlar barədə cəsarətlə danışa bilərik.

Nəzərdən qaçırmaq lazım deyil ki, ABŞ-da danışıqlardan dərhal sonra Hakan Fidan Bakıya gəlib. Doğrudur, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri təyin edildikdən sonra o artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edir. Amma bu səfər heç də əvvəlki səfərlərlə müqaisə edilə bilməz. Vaşinqtonda danışıqlarının gündəmində əsas məsələnin Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan sülh prosesinin də müzakirə olunduğu nəzərə alındıqda tam əmin ola bilərik ki, Türkiyə XİN rəhbərinin ölkəmizə budəfəki səfəri daha böyük nəticələr və uğurlar vəd edir. Heç şübhəsiz ki, Vaşinqtona səfərinin ardınca türkiyəli nazirin məhz Amerikada keçirilən görüşlərin nəticələrini Azərbaycan rəhbərliyi ilə müzakirə etmək üçün dərhal Bakıya gəldiyi zərrə qədər şübhə doğura bilməz. Çünki Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Ona görə ki, Türkiyə bizim üçün qardaş ölkədir və həm də ona görə ki, Türkiyə özü də regionda münasibətlərin tənzimlənməsində, davamlı sülhün, təhlükəsizliyin, sabitliyin təminatında maraqlıdır.

Diqqətə çatdıraq ki, ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib. Bunun da səbəbsiz olmadığı heç bir şübhə doğura bilməz və bu görüşün regionda davamlı sülh və təhlükəsizliyin təminatı üçün xüsusilə əhəmiyyətli olması da tam məntiqidir. Təsadüfi deyil ki, Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə də görüşüb. Bu görüş, ələlxüsus da Azərbaycanın XİN rəhbəri ilə birgə keçirilən brifinqdə qeyd olunanlar da diqqətdən yayınan məqamlar deyil. Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün tarixi fürsət yarandığını qeyd edən Türkiyə XİN rəhbəri xüsusilə vurğulayıb ki, bu fürsəti əldən vermək olmaz. Bu, əslində tam yerinə düşən bir mesaj olaraq qəbul olunmaqdadır. Həmin mesaj təkcə Ermənistan, yaxud, region ölkələri yox, eyni zamanda, regionla bağlı məsələlərdə iştirak edənlərin də diqqətindən qətiyyən yayınan deyil.

Xüsusilə vurğulamaq lazımdır ki, Hakan Fidanın mesajı Bakı və Ankaranın yaxın gələcəkdə regionda sülhün bərqərar olmasında eyni dərəcədə maraqlı olduğunu təsdiqləyir. Bu isə o deməkdir ki, erməni diasporunun və bir sıra ölkələrin məhz Ermənistanı qızışdırmaq üçün apardığı fəaliyyətə qarşı eyni dərəcədə yanaşılacaq. “Bəzi ölkələrin təxribatçı addımlarla bölgədəki sülh prosesinə necə mənfi təsir göstərməyə çalışdıqlarını görürük”, deyə Türkiyənin XİN rəhbəri bildirib və heç şübhəsiz ki, bu zaman onun mesajı Parisin timsalında, regionda münaqişəni qızışdırmaq istəyən tərəflərə ünvanlanıb. Bu fikrinin ardınca Türkiyəli diplomaq hətta, üçüncü ölkələrin prosesi yanlış istiqamətə yönəltmək cəhdlərinə qarşı bütün imkanlardan istifadə etdiyini, sülhə nail olmaq üçün mümkün olan hər şey edildiyini və buna hazır olduğunu tam açıq şəkildə bildirib.

Ermənistan-Türkiyə nizamlanmasına da toxunan qardaş ölkənin diplomatı, öz fikirlərini açıqladığı zaman bu istiqamətdə də bir sıra məsələlərə aydınlıq gətirib. O, xüsusilə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasına zəmin yaradacaq. Bu çox önəmli bir mesajdır. Məhz rəsmi İrəvana ünvanlanan mesaj olaraq qəbul etməkdə yanılmayacağımıza əminik. Əslində, Ermənistan bununla tərəfinə bildirilir ki, Türkiyə ilə münasibətlərinin nizamlanması məhz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdan keçir. Bir sözlə, Ermənistan tərəfinə mesaj verilir ki, əgər rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlıdırsa, ilk növbədə Azərbaycanla münasibətlərinə aydınlıq gətirməli, həmin münasibətləri normallaşdırmalıdır. Sözsüz ki, bu mesaj Ermənistana tam vaxtında verilən mesajdır və hətta bu gün Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyən İrəvan üçün bir neçə istiqamətdə yaranan tarixi şans deməkdir. Yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı xəbərlər eşitməyə ümid etdiyini, İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılışında qeyd edən erməni baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası çox güman ki, haqqında bəhs olunan həmin o tarixi şansı düzgün qiymətləndirə biləcək.

Heç şübhəsiz ki, Türkiyə ilə münasibətlərin nizamlanmasının strateji baxımdan Ermənistan üçün nə demək olduğunu, daha dəqəq desək, çox vacib sayıldığını nəinki həmin ölkənin mövcud hakimiyyəti, hətta ən sıravi bir erməni də dərk edir. “Biz Türkiyə ilə də dialoq aparırıq. Hər halda, diplomatik münasibətlərin qurulması baxımından hələ ki, heç bir uğur əldə etməsək də, heç vaxt belə fəal dialoqumuz olmayıb”, deyən Nikol Paşinyan bununla etiraf edib ki, son zamanlar dialoq daha intensiv xarakter alıb. Daha dəqiq desək erməni baş nazir etiraf edib ki, ölkəsi üçün heç zaman belə bir tarixi şans yaranmayıb. Həmçinin o bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması strateji baxımdan ölkəsi üçün çox mühüm məsələdir və deməli, Vovayeviç bu şansı qaçırmamaq niyyətindədir. Onun hakimiyyət komandasında təmsil olunanların da fikirləri bunu deməyə əsas verir ki, ümumilikdə Ermənistan hakimiyyəti onlara tarixi bir şans verildiyini çox yaxşı dərk edir. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın bu ilin noyabr ayında ölkə parlamentində çıxışı zamanı dedikləri də bunu isbatlayır. “Nikbinliyimi bildirmək istərdim ki, ən azı üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı razılaşmalarımız yaxın vaxtlarda həyata keçiriləcək və xoş xəbərlərimiz olacaq”, deyən Ermənistan XİN rəhbərinin nə dərəcədə “sevincək” olduğu ifadələrindən dərhal hiss olunur. Yəni, onun özü də tarixi bir şans əldə etdiklərinin fərqindədir. Təsadüfi deyil ki, həmin o erməni diplomat Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edərkən də Ermənistan hökumətinin regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəyə malik olduğunu bəyan etmişdi. Bütün bunlar ondan xəbər verir ki, rəsmi İrəvan, eləcə də erməni cəmiyyəti hansı şans əldə etdiyini dərk etməkdədir və ümid edirik ki, bu tarixi şansı qaçıracaq dərəcədə böyük səhvə yol verməzlər.

Hər bir halda, Ermənistan tərəfi gec də olsa qəflət yuxusunda ayılmalıdır. Ayılmalıdır və dərk etməlidir ki, qonşularla sülh olmadan, normal münasibətlər qurulmadan regionda rifah və təhlükəsizlik təmin edilə bilməz. Dərk etməlidir ki, bu vaxta qədər süni şəkildə yaradılan düşmənçilik aradan qaldırılmasa, həmin o münasibətlər də nizamlanmasa, sülh danışıqları olmasa, sülh şəraiti bərqərar edilməsə uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin edilməsindən qətiyyən danışmaq belə mümkün deyil. Bu isə Ermənistanın marginallaşmış və dalana dirənmiş vəziyyətdə bundan sonra da səfalət içərisində, xaotik durumda, qarmaqarışıqlıqlar içərisində olacağı deməkdir. Yəqin ki, bunun fərqində olanlar üçün sülhün, sabitliyin, təhlükəsizliyin nə demək olduğu da bəllidir. O da bəllidir ki, həmin o sabitlik, təhlükəsizlik, bununla da mövcud acınacaqlı durumdan çıxmaq üçün Ermənistan tarixi şans qazanıb. Güman edirik ki, bu tarixi şans layiqincə qiymətləndirilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə