Ulu Öndərin böyük siyasəti Azərbaycana qələbələr gətirdi TƏHLİL
Bugünkü müasir Azərbaycan dövlətinin qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ən böyük xidmətlərindən biri ondan ibarət olmuşdur ki, hələ sovet dövründə Azərbaycan dövlətinin gələcək müstəqilliyinin qurulmasının əsaslarını yaratmışdır. Bu baxımdan, birmənalı şəkildə qeyd etmək olar ki, güclü və qüdrətli Azərbaycanın bünövrəsi Dahi Öndərimiz Heydər Əliyevin birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə qoyulub. O zamana qədər respublikamız bütün sahələrdə geridə qalan, inkişafı üçün heç bir perspektivi olmayan respublika idi. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra köklü dəyişikliklərə nail olundu, fundamental islahatlar nəticəsində əhalinin sosial vəziyyəti yaxşılaşdı, respublikamız sayılan və seçilən respublikaya çevrildi. Təkcə bir faktı vurğulamaq lazımdır ki, 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı xatırlamışdı: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər".
Yeni inkişafa, tərəqqiyə doğru
Təəssüflər olsun ki, Ulu Öndər Heydər Əliyevin qurub-yaratdıqlarını Onun Moskvaya ittifaq rəhbərliyinə getməsindən sonra dağıdıldı.1991-1993-cü illərdə Azərbaycanın vəziyyəti daha da ağırlaşdı. O dövrdə müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Ölkədaxili vəziyyətin idarəolunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə, AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkədaxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkəni düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq üçün ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".
Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər". Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
"Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam"
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan, haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, "mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun". "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam", - deyən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi siyasət nəticəsində cəmiyyətin siyasi-hüquqi cəhətdən təkmilləşdirilməsinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişafa nail olundu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı, digər sahələrdə mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən, həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına qələbələr bəxş etməkdədir. 2003-cü ildən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndərimiz Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi, zəngin mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir. Fəaliyyətində xalqına güvənən, arxalanan dövlət başçısı xalqa xidmətdən böyük şərəf duyur: "Mənim işim ondan ibarətdir ki, xalqa xidmət etməliyəm. Onu da edirəm və bundan sonra da edəcəyəm. Bütün işlərimdə mən xalqa arxalanıram. Əgər təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bütün bu işləri görmək mümkün olmazdı".
Xalq hamılıqla inkişafın, tərəqqinin, uğurların davam etdirilməsi üçün Yenilməz Sərkərdə, Qalib Lider İlham Əliyevə səs verəcək
Bu gün Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti ölkə Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qalib Sərkərdə, Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizin nüfuzunun beynəlxalq müstəvidə daha da möhkəmlənməsinə, insanların həyata şəraitinin daha da yaxşılaşmasına təkan olub. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Artıq Azərbaycan tam şəkildə suverenliyini bərpa edib, üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Şuşada, Xocavənddə və digər işğaldan azad edilən ərazilərdə dalğalanır. Qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirir və aparılan daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləməklə, Prezidentimizə öz inam və etimadının yüksək olduğunu nümayiş etdirir. Bütün bunlardan sonra əminliklə demək olar ki, 7 fevral 2024-cü ildə keçiriləcək və Zəfər seçkisi kimi təqdim olunan növbədənkənar prezident seçkilərində xalq hamılıqla inkişafın, tərəqqinin, uğurların davam etdirilməsi üçün Yenilməz Sərkərdə, Qalib Lider İlham Əliyevə səs verəcək.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB